
Azərbaycanda “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun hazırlanır
Azərbaycanda “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika Komissiyası”nın üzvləri bu prosesdə aktiv iştirak edirlər.
"NAXÇIVANXƏBƏRLƏRİ" ASK-ya istinadən xəbər verir ki, bunu Komissiyanın sədri Kamran Həbibov bildirib.
O, bu barədə Komissiyanın növbəti iclasında danışıb.
İclasda ötən müddətdə görülən işlər, dövlət-özəl dialoqunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsində müddətlərin qısadılması, bir çox xidmətlərin rəqəmsallaşması kimi irəliləyişlərə nail olunduğu diqqətə çatdırılıb.
Komissiya üzvləri konteyner yüklərin daşınmasında bu ildən çəki və hündürlük məsələlərinin ortaya çıxdığını və bunun yerli daşıyıcıların işinə çətinliklər yaratdığını bildiriblər. Eyni zamanda, İpəkyolu terminalında qrup malların rəsmiləşdirilməsi, ümumiyyətlə gömrük prosedurlarının təkmilləşdirilməsinin zəruriliyini qeyd ediblər. Bununla bağlı fikir mübadiləsi aparılıb və Komissiyanın Konfederasiya rəhbərinə müraciət etməsi qərara alınıb.
İclasda həmçinin 2025-ci il üzrə Komissiyanın fəaliyyət planı müzakirə qeyd edilib. Ölkəyə tikinti materialı və xammalının idxalı, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı üzrə logistika məsələlərinin aidiyyəti biznes təşkilatları və dövlət qurumları ilə birlikdə araşdırılması məqsədə uyğun hesab olunub.
Nəqliyyat, logistika sahəsində xidmət göstərən şirkətlərin müvafiq rəsmi qeydiyyatdan keçməsinin vacibliyini diqqətə çatdıran Komissiya üzvləri “boz işləyən”lərin aşkar edilməsinin bu sahədə sahibkarların hüquqlarının qorunmasına və bazar risklərinin azalmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.