Azərbaycanda qoruqları və muzeyləri ziyarət edənlərin sayı 35 % artıb

Azərbaycanda qoruqları və muzeyləri ziyarət edənlərin sayı 35 % artıb

21 Yanvar 2025

2024-cü ildə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqları və muzeyləri 663 459 nəfər ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" agentliyə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 35 % çoxdur.

Məlumata görə, ziyarətçilərin 460 331 nəfəri və yaxud təxminən 70 %-i xarici vətəndaşlar olub ki, bu da 1 il əvvələ nisbətən 48 % çoxdur.

Xatırladaq ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Eləcə də yerli və xarici ziyarətçilər üçün “Kiş” Tarix-Memarlıq Qoruğunun tərkibindəki Alban Məbədinə, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibindəki Xan Sarayına, Şəkixanovların evinə, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə, Şəki Dövlət Rəsm Qalereyasına, həmçinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Lahıc Tarix-Diyarşünaslıq muzeyinə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyinə və yalnız xarici vətəndaşlar üçün “Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür.

Məktəblilər, əlillər və müharibə veteranları, şəhid ailələri və 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. Ötən il ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib.

2024-cü ildə bilet satışından 2023-cü illə müqayisədə təxminən 72 % çox - 5 786 259 manat gəlir əldə olunub. Bunun da 866 205 manatı əlavə dəyər vergisi (ƏDV) qismində dövlət büdcəsinə ödənilib.

Ötən il iyunun 13-də istifadəsinə verilmiş Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edən 22 352 nəfərin 88 %-ni əcnəbilər təşkil edib. Kompleks 7 ayda bilet satışından 310 829 manat vəsait əldə edib ki, bunun da 47 414 manatı ƏDV olaraq büdcəyə ödənilib.

Qoruqlara və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat (Palçıq Vulkanları Turizm Kompleksində 5 manat), tələbələr üçün 1 manat (Palçıq Vulkanları Turizm Kompleksində 3 manat) təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 5-15 manat arasında dəyişir.

Ziyarətçilərin rahatlığının və bilet satışının effektivliyinin təmin edilməsi üçün biletlərin satışı kompleks, qoruq və muzeylərdə olan müvafiq kassalarla yanaşı, iticket.az onlayn platforması üzərindən də həyata keçirilir.