Bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri

Bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri

21 Yanvar 2025

Azərbaycan bəstəkarlıq məktəbinin nailiyyətlərini, ilk növbədə dahi Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən Süleyman Ələsgərov Azərbaycan musiqi mədəniyyətində çoxşaxəli fəaliyyət göstərmiş, təşkilatçı kimi böyük iş aparmış, bəstəkar, dirijor, pedaqoq kimi milli musiqimizin tarixinə daxil olmuşdur.

S.Ələsgərov bəstəkar kimi çox zəngin yaradıcılıq irsi qoyub getmişdir. Onun yaradıcılığı yalnız müxtəlif məzmunlu mövzu və obrazlar baxımından deyil, həm də müraciət etdiyi janrların rəngarəngliyinə görə də fərqlidir. Vətəninə dərindən bağlı olan S.Ələsgərovun yaratdığı əsərlərin böyük hissəsi doğma Azərbaycanla bağlıdır. Bəstəkarın bu bağlılığı onun əsərlərinin musiqi dilində, melodiyasının zənginliyində, ən əsası isə bəstəkarın müraciət etdiyi mövzularda, yaratdığı musiqi obrazlarının xarakterində özünü parlaq şəkildə büruzə verir. S.Ələsgərovun Qarabağ torpağında, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada dünyaya göz açması, buranın musiqili mühitində böyüməsi, erkən yaşlarından etibarən muğamları, xalq mahnılarını, rəqs melodiyalarını dinləməsi ona gələcək bəstəkarlıq fəaliyyətində bunlardan məharətlə istifadə etməsinə imkan vermişdir.

Bəstəkarın musiqi dili həmişə xalq yaradıcılığına bağlı olmuş və xalq musiqisinin xüsusiyyətlərini özündə birləşdirmişdir. Şübhəsiz ki, S.Ələsgərovun bəstəkar kimi formalaşmasında Üzeyir Hacıbəyli ilə qarşılaşması və dahi bəstəkarın onun sənət yolunun müəyyənləşməsində təsiri əvəzsizdir. Bunun nəticəsidir ki, bəstəkar öz yaradıcılıq irsində sevimli müəllimi, böyük ustadı hesab etdiyi Üzeyir bəyin ənənələrinə hər zaman əsaslanmış və əsərlərində dahi bəstəkarın yaradıcı prinsiplərini davam etdirmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan S.Ələsgərov musiqi təhsilinin təkmilləşdirilməsi üçün böyük səy və həvəslə çalışmışdır.

B.Zeydmanın bəstəkarlıq sinfində təhsil alan S.Ələsgərov eyni zamanda Ü.Hacıbəylinin tədris etdiyi “Azərbaycan xalq musiqisinin əsasları” fənnini də dərindən mənimsəyirdi. S.Ələsgərov Azərbaycan milli musiqisinin xüsusiyyətlərini dərindən qavrayaraq, özünün yaradıcılıq yolunun əsasını məhz bu illərdə təsdiqləyir. Belə ki, tələbəlik illərində yazdığı “Gözlə məni” mahnısı ilə S.Ələsgərov ilk yaradıcılıq təcrübəsinin başlanğıcını qoymaqla yanaşı, həm də yaşadığı dövrün hadisələrinə, müasiri olduğu zamana öz münasibətini də ifadə edir. Təsadüfi deyildir ki, S.Ələsgərovun mahnı janrında ilk nümunəsi olan “Gözlə məni” 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikaları xalqlarının musiqi ongünlüyündə böyük rəğbətlə qarşılanaraq, gənc müəllifə böyük uğur gətirir. Tələbəsinin uğuruna dahi Üzeyir bəy də biganə qalmır və Bəstəkarlar İttifaqına üzv qəbul olunması üçün zəmanət verir. Həmin dövrdə S.Ələsgərovun bəstəkarlıq aləmində böyük səylə çalışmasından bəhs edən S.Rüstəmov yazırdı: “Hələ böyük müəllimimiz Üzeyir Hacıbəyovun sağlığında Süleymanın xalq çalğı alətləri orkestri üçün yazdığı bir sıra əsərlər ustadımızın diqqətini cəlb etmişdi. Onun müharibə illərində yazdığı ilk pyeslər içərisində “Rəqs”, “Cəngi”, eləcə də orkestrin müşayiəti ilə bəstələdiyi “Gözlə məni”, “Qol çəkirəm” mahnıları indi də təravətini itirməyib” [Babayev, 1992: 8].

Dövrünün bir çox janrlarına müraciət edən S.Ələsgərov opera, operetta, kantata, vokal-simfonik poema, simfoniya, simfonik muğam, üvertura, simfonik poema, süita, instrumental konsert, kamera-vokal musiqinin müxtəlif janrlarında çoxsaylı əsərlər yaratmış, xalq mahnılarını solist, xor, fortepiano, xalq çalğı alətləri və müxtəlif tərkibli ansambllar üçün işləmişdir.

“Bahadır və Sona” və “Solğun çiçəklər” operaları S.Ələsgərovun yaradıcılığında parlaq janr nümunələri kimi dəyərləndirilə bilər. S.Ələsgərovun yaradıcılığında operetta janrı əsas yer tutur. Yaradıcılıq irsinə on bir musiqili komediya daxil olan S.Ələsgərov bu sahədə özünü professional bir bəstəkar kimi nümayiş etdirmişdir. Konservatoriyanın tələbəsi olarkən 1945-ci ildə “Məhəbbət gülü” adlı ilk musiqili komediyasını yazan bəstəkar daha sonra 11 operetta yaratmışdır. “Ulduz”, “Milyonçunun dilənçi oğlu”, “Özümüz bilərik”, “Hardasan ay subaylıq”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Olmadı elə, oldu belə”, “Gurultulu məhəbbət”, “Subaylarınızdan görəsiniz” , “Hərənin öz ulduzu” və digər musiqili komediyaları bu gün də maraqla qarşılanır. 1948-ci ildə Sabit Rəhmanın librettosu əsasında yazdığı “Ulduz” musiqili komediyası bəstəkarın ən tanınmış və ən sevimli səhnə əsəridir. Kənd həyatından və orada çalışan əmək adamlarından bəhs edən operetta gözəl məzmun və formaya, zəngin musiqi partiturasına malikdir. Tamaşaçıların marağına səbəb olan bu komediyada şən, yumoristik səhnələrdən bacarıqla istifadə edən S.Ələsgərov oynaq, melodik və yaddaqalan musiqi yaratmaqla təsvir olunan hadisələrin məzmununu və ayrı-ayrı obrazların daxili aləmini və xarakterini açmışdır. Bəstəkar, Xalq artisti V.Adıgözəlov S.Ələsgərov haqqında xatirələrdə yazırdı: “Musiqinin bir çox janrlarında dəyərli əsərlər yaratmışdı. Xüsusilə musiqili komediya janrında çox işləyirdi. Onun “Ulduz” musiqili komediyası musiqi tariximizin dəyərli səhifələrindən biridir. Özü etiraf edirdi ki, bu əsər Üzeyir bəyin komediyalarının davamıdır” [Təhmirazqızı, 2002: 28]. Eyni zamanda S.Ələsgərovun zəngin yaradıcılıq irsinə simfonik orkestr üçün “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, simfonik poema və süitaları, “Bayram üverturası”, violonçel və fortepiano ilə simfonik orkestr üçün ikili konsert və digər əhəmiyyətli əsərləri daxildir. “Rəqs”, “Cəngi”, “Marş”, “Qaytağı”, “Fantaziya”, “Yallı” kimi xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlər, tar ilə xalq çalğı alətləri orkestri üçün Birinci, İkinci, Üçüncü konsertləri, tar ilə orkestr üçün “Daimi hərəkət”, kamança və orkestr üçün “Tarantella”, qanun ilə orkestr üçün “Poema”, saz və müğənni ilə xalq çalğı alətləri orkestri üçün “Aşıqvari”, 200-ə qədər mahnı və romansları Azərbaycan musiqi mədəniyyətinin əhəmiyyətli bir sahəsini təşkil edir.

Milli çalğı alətimiz tara olan sevgisi S.Ələsgərovun xalq çalğı alətləri üçün daha çox əsər yazmasına səbəb olmuşdur. Bu barədə professor M.Qafarova yazır: “Bəstəkarın yaradıcılığının böyük bir hissəsini Azərbaycan xalq çalğı alətləri orkestri üçün qələmə aldığı əsərlər təşkil edir. Bəstəkar ilk əsərini də məhz xalq çalğı alətləri orkestri üçün bəstələmişdir. 1941-ci ildə yazdığı “Rəqs” pyesi ilə S.Ələsgərov bəstəkarlıq sənətinə qədəm qoymuşdur.” [Qafarova, 2012: 7]. Məlumdur ki, bəstəkarın yaradıcılığında vokal musiqisi janrları, xüsusilə mahnı və romans əsas yer tutur. Klassik Azərbaycan ədəbiyyatına, eləcə də onun müasiri olduğu ədəbi nümunələrə müraciət edən S.Ələsgərov vokal yaradıcılığında müxtəlif məzmuna malik olan əsərlərin müəllifidir. Bəstəkar vokal əsərlərində poetik mətnin məzmunu ilə təfəkkürünün düşüncələrini və duyğularını əlaqələndirmiş, zəngin musiqi dili ilə janr rəngarəngliyinə malik olan əsərlər yaratmışdır. Eyni zamanda S.Ələsgərovun klassik şeir vəzninə, xüsusilə əruza bələd olması onun romans-qəzəl janrında yazdığı əsərlərdə maraqlı janr nümunələrinin yaranmasına səbəb olmuşdur. Bəstəkarın romans-qəzəl janrında yazdığı əsərlərdə əruz vəzninin xüsusiyyətləri musiqi ilə poetik mətnin üzvi əlaqələndirilməsində nəzərə çarpır. S.Ələsgərovun vokal əsərləri insan düşüncəsinin və hisslərini ifadəsi kimi dərk edilə bilər. Bəstəkar bu hissləri musiqi vasitəsilə ifadə edərək, məzmunla uyğunlaşdırmış və dərin düşüncələri əks etdirən fikirlərini dinləyicilərə çatdırmağa nail olmuşdur.  

Bir bəstəkar kimi S.Ələsgərovun fərqliliyi ondadır ki, o, bütün fəaliyyəti boyu Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Bütün yaradıcı fəaliyyəti boyu mahnı janrında çoxsaylı əsərlər yazan S.Ələsgərov məzmundan irəli gələn maraqlı musiqi nümunələri də yaratmışdır. Onun müxtəlif mövzuları əks etdirən mahnılarında vətənə məhəbbət, dövrün ictimai-siyasi hadisələrinin əks etdirilməsi, rəngarəng məzmunlu melodiyalar müşahidə olunur. Bəstəkarın mahnılarında insanların dərin mənəviyyatı, əmək adamlarının fədakarlıqları öz əksini tapmışdır. Eyni zamanda S.Ələsgərovun vokal janr nümunələri forma-quruluş xüsusiyyətləri, melodik musiqi dili, ritm, milli musiqinin xüsusiyyətlərinə əsaslanan harmonik dönmələrinin zənginliyi ilə də seçilir. S.Ələsgərovun yaradıcılıq irsində kamera-vokal əsərlərinin üstünlük təşkil etməsi onun mahnıvariliyə meyl etməsi ilə də əlaqələndirilə bilər. Özünün milli ənənələrə əsaslanan bəstəkarlıq üslubunu yaradan S.Ələsgərovun əsərlərində melodiklik və melodiyanın zəngin çalarlara malik olması diqqəti cəlb edir. Onun bəstələdiyi mahnılar müxtəlif illərdə məcmuə şəklində çap olunmuşdur. S.Ələsgərovun mahnılarının məzmunu son dərəcə sadəliyi və formasının demokratikliyi ilə seçilir. S.Ələsgərov dərin köklərlə Vətəninə, doğma Azərbaycanına bağlı idi. Məcmuələr belə adlanır: “Lirik mahnılar”, “Mahnılar”, “Sərhədçilər nəğməsi”, “Bu torpağa bağlıyıq”, “Hünər və könül təranələri.”, “Əmək və hünər nəğmələri”, “Eşq olsun sənətkara”, “Qol çəkirəm”, “Ulduzun mahnısı” , “Hardasan igid oğlan?” və s.

Nəticə olaraq qeyd etməliyik ki, S.Ələsgərovun yaradıcılıq irsinə daxil olan əsərlər bütün dövrlər üçün aktual və mühüm əhəmiyyət kəsb edən musiqi nümunələridir. Həmçinin, əsərlərində ifadə etdiyi mövzuların dövrün tələblərinə uyğun olması, müasirliklə səsləşməsi S.Ələsgərovun yaradıcılığına olan marağın dərinləşməsinə gətirib çıxarır. S.Ələsgərov həssas qəlbli bir sənətkar idi, elə bunun nəticəsidir ki, onun əsərlərində xalqının, millətinin ağrı-acılarına, doğma Qarabağda baş verən hadisələrə yanğı hissi ilə yanaşmanı görməmək mümkün deyildir. Milli köklərə və ənənələrə bağlılıq S.Ələsgərovun dərin məzmunlu yaradıcılığının aktual olmasını bu gün də qoruyub saxlayır.

Sofiya AXUNDZADƏ  

NAXÇIVAN MUSİQİ KOLLECİNİN MÜƏLLİMİ,

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRANTI