Bilə-bilə yalan ifadəyə görə cinayət məsuliyyəti... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən hansı məsuliyyətə səbəb olur?
Cavab: Məhkəmədə və ya ibtidai istintaqda şahid və ya zərərçəkmiş şəxs tərəfindən bilə-bilə yalan ifadə verilməsi, ekspert tərəfindən qəsdən yalan rəy verilməsi, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə edilməsi cinayət məsuliyyəti yaradır. Bu əməllərə görə şəxs 1000 manatdan 2000 manatadək cərimə, 320 saatdan 400 saatadək ictimai işlər, 1 ildən 2 ilədək islah işləri, 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 6 ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Həmin əməllər ağır və ya xüsusilə ağır cinayətlə bağlı ittiham zamanı törədildikdə isə 2 ildən 6 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Qeyd edilməlidir ki, şəxs təhqiqatın, ibtidai istintaqın və ya məhkəmə baxışının gedişində, hökm və ya qərar çıxarılmamışdan əvvəl verdiyi ifadənin, rəyin və ya tərcümənin yalan olduğunu könüllü şəkildə etiraf etdikdə cinayət məsuliyyətindən azad olunur.
Eyni zamanda, şəxs özünə və ya yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb edilmir.
Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli








