Çernobıl faciəsi ilə bağlı 450-dən çox şəxs evlə təmin olunub

Çernobıl faciəsi ilə bağlı 450-dən çox şəxs evlə təmin olunub

26 Aprel 2026

2021-ci ildən bu günə qədər Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 450-dən çox şəxs evlə təmin olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov sözügedən faciənin 40-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Çernobıl qurbanlarına ömürlük əlilliyin verilməsi ilə bağlı qərarın təməlini qoyub:

"Hazırda Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021-2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub".

M.Həsənov onu da əlavə edib ki, Çernobıl faciəsinin təsirlərinə məruz qalan şəxslərin övladları 44 günlük müharibədə də iştirak ediblər:

"Onların bəzisi təkrar sağlamlığını itirib. Hətta bir neçəsi şəhid olub. Buna görə də Çernobılla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə xüsusi diqqət və qayğı mütləqdir".

Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında baş vermiş Çernobıl faciəsindən 40 il ötür.