
Cinayətdə İştirakçılıq nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayətdə İştirakçılıq nədir?
Cavab:İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
Cinayətdə iştirakçılıq ən azı iki nəfərin iştirakı ilə mümkündür. Cinayət qanunu ilə subyektə qarşı qoyulan tələblər baxımından cinayətdə iştirakçı olan şəxslər də qanunda müəyyən edilən yaş həddinə çatmalı, habelə anlaqlı olmalıdırlar.
Cinayətdə iştirakçılığın digər obyektiv əlaməti cinayətdə iştirak edənlərin birgə iştirakı ilə bağlıdır. Cinayətin birgə edilməsi anlayışı aşağıdakı tərkib ünsürlərini nəzərdə tutur:
a) cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməlidir;
b) bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməlidir;
v) iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır.
Birgə kriminal fəaliyyətdə cinayətin iştirakçılarının səyi birləşir. Hər bir iştirakçı öz payına düşəni icra etməklə başqa iştirakçıların həyata keçirəcəkləri fəaliyyətə az-çox kömək etmiş olur. Belə vəziyyətdə iştirakçılardan birinin şərait yaradan əməli digər iştirakçının azad davranış variantı seçmək imkanını aradan qaldırmır. Xüsusən səbəbli əlaqə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi ilə cinayətin icrasının fəaliyyəti arasında mövcud olur. Ümumiyyətlə, təşkilatçının, təhrikçinin və köməkçinin iştirakçılıq fəaliyyəti cinayətin icrasının fəaliyyəti üçün zəruri şərait yaradır. Buna görə də cinayətin icrası cinayətdən könüllü imtina etdikdə cinayətin digər iştirakçılarının məsuliyyəti köməkçiliyə görə yaranır. İştirakçılıqla törədilən cinayətlərdə baş verən nəticə birgə fəaliyyət doğurduğundan bütün iştirakçıların məsuliyyəti də baş verən nəticəyə görə yaranır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov