Cinayətə hazırlığa görə məsuliyyət nəzərdə tutulubmu? -

Cinayətə hazırlığa görə məsuliyyət nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ

09 Aprel 2025

Sual: Cinayətə hazırlığa görə məsuliyyət nəzərdə tutulubmu?

Cavab: Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.

Cinayət edilməsinin müstəqil mərhələsi kimi – cinayətə hazırlığın əks məzmunu sonradan törədilən cinayətin edilməsi üçün konkret şərait yaratmaqdan ibarətdir. Hazırlıq hərəkətləri cinayət-hüquq normaları ilə qorunan obyektə bilavasitə qəsd etməyə yönəldilməsə də, məhz qət edilən cinayətin törədilməsinə şərait yaratdığı üçün sosial təhlükəli olur.

Cinayət bir halda dərhal, başqa halda isə tədricən, mərhələlərlə edilə bilər. Cinayətin hazırlanmasına və törədilməsinə yönələn hərəkətlər qanunla cinayət hesab edilən əməlin bütün əlamətlərinə malik olur.Cinayətə hazırlıq birbaşa qəsdlə məhdudlaşır.

Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov