
Dövlət Proqramı uğurla icra olunur
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” çərçivəsində Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədi hazırlanmış və tikinti işlərinin aparılması üçün keçirilən tender müsabiqəsində "HOVERS GROUP" MMC şirkətinin qalib elan olması təsdiqlənərək, 12.430.027,54 manat dəyərində müqavilə bağlanılmışdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,sugətirici beton kanal əsasən Bənəniyar su anbarının doldurulması üçün istifadə olunur. Eləcə də, kanal altında olan 400 hektar ərazini əhatə edən həyətyanı və əkin sahələrini suvarma suyu ilə təmin edir. 17.4 milyon kubmetr su tutumu olan Bənəniyar su anbarı Culfa və Babək rayonunun 4200 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Əlincəçayda su əsasən yaz və payız aylarında çox olur. Həmin dövrdə sudan maksimum istifadə etmək lazım gəlir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanalın yenidən qurularaq, sukeçirimə qabiliyyətinin 3 m3/saniyədən 5 m3/saniyəyə çatdırılması su anbarının qısa müddətdə doldurulmasına zəmin yaradacaq. Bunun nəticəsində suvarma dövründə Əlincəçaydan digər suvarılan sahələrə suyun verilməsi mümkün olacaq. Layihənin icrası ilə su anbarının vaxtında doldurulması təmin olunacaq, kanalda su itkisinin qarşısı alınacaq, kanal altında olan sahələr lazımı qədər suvarma suyu ilə təmin ediləcək, kanala təmiz su daxil olduğu üçün istismarı da asanlaşacaq, su anbarından qidalanan əkin sahələri kifayət qədər suvarma suyu ilə təmin ediləcək.
Məlumat üçün qeyd edək ki, layihənin icrası çərçivəsində Podratçı şirkət (HOVERS GROUP MMC) tərəfindən mobilizasiya işləri görülür. Eyni zamanda avtomobil və texnikaların hərəkəti üçün istismar yolu çəkilir.