
DSX-nin hərbi hissəsində maarifləndirici tədbir keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə “İntihara dini və psixoloji baxış” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əsas məqsədi hərbi qulluqçular arasında mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, stres və psixoloji gərginlik halları ilə mübarizə yolları barədə maarifləndirmənin aparılması olub.
Bildirilib ki, hərbi xidmət kimi məsuliyyətli bir sahədə qulluq edən şəxslərin fövqəladə hallar və gərgin psixoloji şəraitlə üzləşdikdə özünü idarə bacarığını qoruyub saxlaması olduqca vacibdir. İntihar cəmiyyət üçün ağır hadisədir və hüquqi baxımdan qiymətləndirilərək qarşısının alınması istiqamətində zəruri tədbirlər görülməlidir.
Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılıb, həmin əməllərin hüquqi və mənəvi nəticələri ətraflı izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib. Belə hadisələrin çox zaman depressiya, psixoloji gərginlik, sosial təcrid, ailə və şəxsi münasibətlərdəki problemlərin nəticəsi olduğu, psixoloji dəstəyin və monitorinqin vacibliyi qeyd edilib.
Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.