Erkən nikaha qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib -

Erkən nikaha qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

07 Fevral 2025

Fevralın 7-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” ilə əlaqədar Ordubad rayon Azadkənd kənd İcra Nümayəndəliyində “Qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşması üçün əsas maneələrdən biridir” mövzusunda maarifləndirici tədbir baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Məmmədli açaraq, cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir.

Daha sonra Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış etmişdir.

Çıxışda qeyd olundu ki, qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşmasına maneə törədən ciddi sosial problemlərdən biridir. Bu cür nikahlar həm fərdlər, həm də cəmiyyət üçün bir sıra mənfi nəticələrə gətirib çıxarır. Qohum və erkən nikahlar cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir. Bu cür nikahlar nəticəsində yaranan sosial problemlər, cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə mane olur. F. Hüseynova qeyd etmişdir ki, cəmiyyətin gələcəyi üçün sağlam, təhsilli və bacarıqlı vətəndaşlar yetişdirmək çox vacibdir. Lakin, bu tip nikahlar nəticəsində insan resurslarının inkişafı məhdudlaşır və gələcəkdə sosial və iqtisadi problemlər artır.

Nəticə olaraq qohum və erkən nikahlar cəmiyyətin sağlam şəkildə inkişaf etməsinin qarşısını alır. Bu cür nikahların qarşısının alınması üçün maarifləndirmə və hüquqi tədbirlər vacibdir. Gənclərin təhsili, fərdi inkişafı və sağlam gələcəyi üçün erkən yaşlarda və qohumlar arasında nikahların qarşısını almaq, cəmiyyətin rifahını artırmağa kömək edər.

51 nəfərin iştirak etdiyi tədbirdə suallar cavablandırılmış, “ Erkən nikah ailə faciəsinin təməlidir” mövzusunda maarifləndirici broşur paylanılmışdır.