Fəaliyyət qabiliyyəti olmayan vətəndaş ölkəni hansı qaydada tərk edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual : Fəaliyyət qabiliyyəti olmayan vətəndaş ölkəni hansı qaydada tərk edə bilər?
Cavab: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
Fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş isə ölkədən valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının notariat qaydasında təsdiq edilmiş vəsatəti əsasında, yetkinlik yaşına çatmış digər şəxsin müşayiəti ilə gedə bilər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas-Rəmzi Həsənov.