Ədliyyə orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün cari ilin əvvəlindən elan olunmuş müsabiqəyə yekun vurulub. Müsabiqənin test və müsahibə mərhələrindən uğurla keçən 8 namizəd Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediliblər. Təlimin sonunda onlara ədliyyə orqanlarında işləmək hüququ verən şəhadətnamə verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 18-də həmin namizədlərin ədliyyə orqanlarında qulluğa qəbul edilməsi münasibətilə nazirlikdə andiçmə mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək bildirib ki, ədliyyə orqanlarında şəffaflıq prinsipi ilə açıq müsabiqələr keçirilərək, nazirliyin kadr korpusunun vətənə sədaqəti, peşəkarlığı və yüksək şəxsi keyfiyyətləri ilə seçilən gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Vəzifəyə təyinat alan hər bir ədliyyə işçisi ona verilən səlahiyyətlərini qanun çərçivəsində həyata keçirməli, etik davranış qaydalarına əməl etməli, vətəndaşlara münasibətdə nəzakətli , mədəni davranmalı, andına sadiq qalmalı, peşə fəaliyyəti ilə bağlı iradları səmimi qəbul etməli və ona edilən tənqidi fikirlərdən nəticə çıxarmalıdır. Nazir müavini işə qəbul olunmuş əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra ədliyyə qulluqçularının nazirliyin yerli icra və probasiya qurumlarında işə qəbul olunması barədə imzalanmış müvafiq əmrlər elan olunub.
Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələri təqdim edilib.