
Gəmiqaya abidəsinin UNESCO-nun tentativ siyahısına salınması istiqamətində işlərə başlanılıb - FOTO
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq Muxtar Respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, həmcinin bərpa olunacaq abidələrin ilkin siyahıları müəyyənləşdirilməsi ilə bağlı iş aparılıb, tarix-mədəniyyət abidələrinin UNESKO-nun maddi mədəni irs üzrə tentativ siyahısına salınması barədə təkliflər təqdim edilib.
Belə abidələrdən biri də Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya abidəsidir. Abidənin UNESKO-nun maddi mədəni irs üzrə ilkin siyahısına salınması üçün məlumatların toplanması məqsədilə 2024-cü ilin 2-6 avqust tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Tarix elmləri doktoru, Avropa Şurasının nəzdində CARP–PRAT təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi Məlahət Fərəcova Naxçıvan Muxtar Respublikasına ezam edilib.
Məlahət Fərəcova Ordubad rayonununun Gəmiqaya ərazisində olmuş, qayaüstü təsvirlər, ərazinin təbii resursları, landşaftı və s. ilə bağlı məlumatlar toplanıb.
Qeyd edək ki, abidələrin mədəni irs siyahısına salınması üçün bir sıra şərtlərin ödəməsi tələb olunur: abidə möhtəşəm sənətkarlıq nümunəsi hesab olunmalı, mədəniyyətin inkişafına müəyyən təsir göstərməli, dünya mədəniyyəti üçün əvəzolunmaz tarixi və mədəni önəm daşımalıdır və s.