
Naxçıvanda şəhərlərin baş planları hazırlanır: beynəlxalq şirkətlər və dövlət qurumları birgə fəaliyyət göstərir
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan iqtisadi rayonunun və şəhərlərinin baş planlarının hazırlanması istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının 8.10.6 və 8.10.7-ci bəndlərinə uyğun olaraq bu prosesin əsas icraçısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Vəsilə Allahverdiyeva məlumat verib.
O bildirib ki, hazırda Naxçıvan iqtisadi rayonunun ümumi planı Komitənin Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilir. Paralel olaraq şəhər torpaqlarından istifadənin növlərinin müəyyən olunması və şəhərlərin baş planlarının tərtibi istiqamətində də işlər görülür.
"Naxçıvan şəhərinin baş planının hazırlanması Böyük Britaniyanın “Chapman Taylor” şirkəti tərəfindən həyata keçirilir. Bu prosesdə sifarişçi qurum kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iştirak edir. Artıq bu məsələ ilə bağlı Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyində 6 təqdimat iclası keçirilib. Təqdimatlarda şəhərin funksional zonalaşdırılması, mühəndis-nəqliyyat infrastrukturu, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə və yaşıllıq zonalarının formalaşdırılması kimi məsələlər müzakirə olunub. Eyni zamanda şəhər ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi də planlaşdırılıb. Bu məqsədlə 10,3 hektar torpaq sahəsində 1460 mənzildən ibarət 47 binanın layihəsi “Chapman Taylor” şirkəti və Komitə ilə razılaşdırılıb, tikinti icazəsi verilib".
"Ordubad və Şahbuz şəhərlərinin baş planları isə İsveçrənin “SA_Partners” şirkəti tərəfindən hazırlanır. Bu şəhərlərlə bağlı keçirilmiş 3 təqdimatda şəhər sərhədləri, yaşıl və sənaye zonaları, infrastrukturlar və gələcək inkişaf istiqamətləri ətraflı müzakirə edilib.
"Culfa və Babək şəhərlərinin baş plan layihələrinin hazırlanmasına da artıq başlanılıb. Bu istiqamətdə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun əməkdaşları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyinin tapşırığı ilə adıçəkilən rayonlara ezam olunub və ilkin məlumatlar əsasında hazırlıq işləri icra olunur". - deyə komitənin rəsmisi bildirib.