Gənclərin milli-mənəvi və dini dəyərlərin qorunmasındakı rolu müzakirə olunub -

Gənclərin milli-mənəvi və dini dəyərlərin qorunmasındakı rolu müzakirə olunub - FOTO

22 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı əsasında “Milli-mənəvi və dini dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda maarifləndirici görüş keçirilib. Agentliyin inzibati binasında reallaşan görüşdə könüllü gənclər və təşkilatçı qurumların əməkdaşları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirdə çıxış edən nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva gənclərin sağlam düşüncəli, vətənpərvər və milli kimliyinə sadiq ruhda formalaşmasında bu kimi maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları Əfsanə Qənbərova, Pəri Heydərova və Sabir Xəlilovun çıxışlarında mövzunun aktuallığını önə çəkərək bu barədə fikirlərini ifadə edib, gənclərin dini radikalizm və zərərli meyllərdən qorunması, milli-mənəvi dəyərlərin düzgün təbliği və dini maarifləndirmənin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Mövzu ilə bağlı gənclərin düşüncələri öyrənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda isə tədbir iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.