General: İtkin düşmüşlərin probleminə beynəlxalq diqqətin artırılması üçün səylərimizi davam etdiririk
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, 2023-cü ildən etibarən Azərbaycan itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir:
"Cari ilin oktyabr ayında da Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Xüsusilə qeyd etmək istəyirəm ki, 2024-cü və 2025-ci illərdə Azərbaycanda keçirilmiş beynəlxalq konfransların yekun sənədləri BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb. Bu, Azərbaycanın itkinlər mövzusuna ayırdığı diqqətə BMT strukturlarının verdiyi dəyərdir".








