Naxçıvan Dövlət Kukla Teatrında "Üç donuz balası" tamaşası təqdim edilib - FOTO
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 2025–2026-cı il teatr mövsümünün bağlanışı münasibətilə " Üç donuz balası" tamaşası nümayiş olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən teatrın direktoru Səyyad Məmmədov ötən mövsümün kollektiv üçün uğurlu yaradıcılıq dövrü olduğunu bildirib, il ərzində teatrın fəaliyyətində əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflər barədə məlumat verib.
Qeyd olunub ki, hesabat dövründə teatrın repertuarı 5 yeni tamaşa ilə zənginləşdirilib, ümumilikdə 110 tamaşa nümayiş etdirilib və səhnə əsərlərini 8 minə yaxın tamaşaçı izləyib. Mövsüm ərzində yaradıcı heyətin peşəkar inkişafına xidmət edən 3 ustad dərsi təşkil olunub, ölkədaxili və beynəlxalq olmaqla 4 qastrol səfəri həyata keçirilib.
Vurğulanıb ki, teatr beynəlxalq əlaqələrin inkişafı istiqamətində də mühüm uğura imza ataraq Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikası ilə teatr sahəsində ilk beynəlxalq əməkdaşlıq memorandumu imzalayan teatr kimi tarixə düşüb. Memorandumun gələcəkdə birgə layihələrin, qarşılıqlı qastrol proqramlarının və peşəkar təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyi bildirilib.
Çıxış zamanı əldə olunan uğurların teatr kollektivinin peşəkar və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğu qeyd edilib, yaradıcı və texniki heyətə, eləcə də teatrın fəaliyyətinə daim dəstək göstərən tamaşaçılara minnətdarlıq ifadə olunub.
Mövsümün yekun tamaşası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və sürəkli alqışlarla başa çatıb.
Beləliklə, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 2025–2026-cı il teatr mövsümünü uğurla başa vuraraq yeni mövsümə zəngin yaradıcılıq planları və yeni layihələrlə hazır olduğunu bir daha nümayiş etdirib.
















