Klassik dramaturgiyanın işığında müasir teatr
Teatr yalnız tamaşa göstərən məkan deyil. O, xalqın yaddaşını yaşadan, milli kimliyi qoruyan, cəmiyyətlə dialoq quran və mədəniyyətlər arasında körpü yaradan canlı bir orqanizmdir. Bu gün dünyanın aparıcı teatrları artıq təkcə repertuarları ilə deyil, beynəlxalq əməkdaşlıqları, festivalları, yaradıcılıq laboratoriyaları, müasir idarəetmə modeli və tamaşaçı ilə qurduğu yeni münasibətlər sistemi ilə qiymətləndirilir.
Məhz bu baxımdan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı üçün 2025–2026-cı il teatr mövsümü yalnız uğurla başa çatan bir mövsüm deyil, həm də teatrımızın yeni inkişaf konsepsiyasının formalaşdığı dövr oldu. Bu mövsüm ərzində həyata keçirilən layihələr göstərdi ki, Naxçıvan teatrı artıq yalnız regionun deyil, beynəlxalq teatr məkanının da diqqət mərkəzinə çevrilmək yolundadır.
Mövsüm Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş "O olmasın, bu olsun" musiqili komediyası ilə başladı. Ardınca repertuarımız klassik və müasir dramaturgiyanın ən dəyərli nümunələri ilə zənginləşdi. Hüseyn Cavidin "Ana", Kamal Abdullanın "Simurq quşu", Ejen İoneskonun "Stullar", Uilyam Şekspirin "Hamlet", Con Steynbekin "Siçanlar və adamlar" tamaşaları, eləcə də teatr tariximizdə ilk dəfə eyni mövsümdə hazırlanan üç monotamaşa yaradıcı kollektivimizin axtarışlarının və peşəkarlığının göstəricisinə çevrildi.
Lakin geridə qoyduğumuz mövsümün ən mühüm hadisələrindən biri heç şübhəsiz ki, "Şərqin qapısı" Beynəlxalq Teatr Festivalı oldu.
Bu festival sadəcə bir neçə tamaşanın nümayişi deyildi. Məqsədimiz Naxçıvanı beynəlxalq teatr dialoqunun mühüm platformalarından birinə çevirmək idi. Bunun üçün ölkənin aparıcı teatr kollektivləri ilə yanaşı, qardaş Türkiyənin teatr mühiti ilə də sıx əməkdaşlıq quruldu.
Festival çərçivəsində paytaxt Bakının aparıcı teatrları – Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı Naxçıvanda öz tamaşalarını təqdim etdilər. Eyni zamanda Türkiyədən teatr mütəxəssisləri, rejissorlar, aktyorlar və teatr menecerləri festivala qatılaraq panel müzakirələrində, ustad dərslərində və yaradıcı görüşlərdə iştirak etdilər. Bu görüşlər iki qardaş ölkənin teatr əlaqələrinin daha da möhkəmlənməsinə, peşəkar təcrübə mübadiləsinə və gələcək ortaq layihələrin əsasının qoyulmasına xidmət etdi.
Festivalın ən böyük uğurlarından biri də onun yalnız səhnə ilə məhdudlaşmaması idi. "Teatr marketinqi – XXI əsr", "Pantomima – aktyor sənətinin tərkib hissəsi kimi", "Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr" mövzularında keçirilən panel müzakirələri göstərdi ki, müasir teatr yalnız sənət deyil, həm də idarəetmə, texnologiya və kommunikasiya modelidir. Bu müzakirələrdə Bakıdan və Türkiyədən dəvət olunan tanınmış teatr mütəxəssislərinin iştirakı festivalın elmi-praktiki əhəmiyyətini daha da artırdı.
Mövsüm ərzində beynəlxalq əməkdaşlıq yalnız bu festivalla yekunlaşmadı. Teatrımız Türkiyənin Van şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında uğurla çıxış etdi. Daha sonra isə Samsun və Trabzonda keçirilən Beynəlxalq Teatr Festivalında Hüseyn Cavidin "Ana" tamaşası ilə Azərbaycan teatr sənətini layiqincə təmsil etdi. Bu çıxışlar göstərdi ki, Naxçıvan teatrı artıq beynəlxalq festivalların daimi iştirakçılarından birinə çevrilməkdədir.
Teatrımızın fəaliyyətində sosial məsuliyyət də xüsusi yer tutur. Mövsüm ərzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tamaşaları nümayiş etdirildi, "Şirinbala" Uşaq Festivalı təşkil olundu və müxtəlif sosial layihələr həyata keçirildi. Çünki biz inanırıq ki, teatr yalnız sənət adamları üçün deyil, bütün cəmiyyət üçündür.
Əlbəttə, əldə olunan uğurların arxasında böyük zəhmət dayanır. Mövsüm ərzində teatrımızın bir sıra əməkdaşlarının dövlət səviyyəsində mükafatlandırılması, sənətkarlarımızın yüksək fəxri ad və mükafatlara layiq görülməsi kollektivimizin əməyinə verilən yüksək qiymətin ifadəsidir.
2025–2026-cı il teatr mövsümündə səkkiz yeni tamaşanın hazırlanması, beynəlxalq festivallarda iştirak, yeni yaradıcılıq layihələrinin reallaşdırılması və "Şərqin qapısı" kimi beynəlxalq festivalın yüksək səviyyədə təşkili bir daha sübut etdi ki, Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasında isə milli teatr ənənələrinə sədaqət, müasir yanaşma və beynəlxalq əməkdaşlıq dayanır.
İnanıram ki, qarşıdakı illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycanın teatr xəritəsində öz mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq mədəni əlaqələrin inkişafına yeni töhfələr verəcək və Naxçıvanı regionun mühüm teatr mərkəzlərindən birinə çevirəcək.
Çünki teatrın ən böyük missiyası yalnız səhnədə alqış qazanmaq deyil, mədəniyyətin sərhədlərini genişləndirmək, insanları və xalqları sənətin dili ilə bir araya gətirməkdir.
Mir Qabil ƏKBƏROV
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru



















