Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

29 İyun 2026

İyunun 29-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Valeriy Pikalyovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüş çərçivəsində nümayəndə heyətləri Rusiya Federal Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin “Yaraq-Qazmalar” və “Tahirkənd-Qazmalar” gömrük-keçid məntəqələrinin mövcud infrastrukturu, texniki təchizatı, buraxılış imkanları və cari fəaliyyəti ilə yerində tanış olublar.

Həmçinin tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin infrastruktur imkanlarının sinxronlaşdırılması, müəyyən mövsümi dövrlərdə yüklərin keçidinin sürətləndirilməsi, yük nəqliyyat vasitələrinin keçidi zamanı yarana biləcək sıxlıqların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, perspektiv istiqamətləri müəyyən edilib.