“Tarixi-Memarlıq irsinə səyahət” mövzusunda ekskursiya təşkil edilib - FOTO
İyunun 29-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi kateqoriyadan olan uşaqlar üçün “Tarixi-Memarlıq İrsinə Səyahət” mövzusunda ekskursiya təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ekskursiya zamanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar Naxçıvan şəhərində yerləşən muzeylərə və tarixi abidələrə baş çəkiblər.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə əks etdirən Heydər Əliyev Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi, Naxçıvan Döyüş Şöhrəti Muzeyi, Zəfər Parkı, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, qədim memarlıq incilərini nümayiş etdirən və tarixi abidə kimi xüsusi əhəmiyyətə malik olan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, həmçinin Möminə Xatın Türbəsi və Açıq Səma Altında Muzey Kompleksi ziyarət olunub.
Ekskursiya zamanı hər bir tarixi abidə haqqında məlumatlar uşaqlara sadə, anlaşıqlı və maarifləndirici formada təqdim edilib.
Qeyd edək ki, uşaqlar ekskursiyanı xoş təəssüratlarla başa vuraraq məmnunluq hissi ilə ayrılıblar.













