Haqqın yazan əli – Xanəli Kərimli

Haqqın yazan əli – Xanəli Kərimli

27 Noyabr 2026

Xanəli Kərimli – 75

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dünyamiqyaslı şəxsiyyətləri, ziyalıları, elm və mədəniyyət xadimləri tarixən Azərbaycanın inkişafına dəyərli töhfələri ilə seçilmişdir. Müstəqillik illərində Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, folklor və ədəbiyyatının, dilinin, mədəniyyətinin, adət-ənənələrinin Azərbaycançılıq ideologiyası əsasında yenidən araşdırılması sahəsində mühüm addımlar atılmışdır. Böyük siyasi təcrübəyə malik olan Heydər Əlirza oğlu Əliyevin 15 iyun 1993-cü ildən ölkəyə qayıdışı, 3 oktyabr 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi ilə bütün sahələrə olduğu kimi, ədəbiyyata da dövlət qayğısı bərpa olundu. Müstəqilliyin ədəbiyyat xadimlərinə açdığı geniş imkanlarla – söz, mətbuat azadlığı ilə yanaşı ədəbiyyatın ana mövzuları olaraq “xalqın, cəmiyyətin qarşısında duran problemləri düzgün müəyyənləşdirmək” kimi bir müqəddəs vəzifə qoyuldu. “Müstəqillik dövründə ədəbiyyatın baş mövzusu azərbaycançılıq qayğıları və Qarabağ müharibəsi mövzusu” Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri Xanəli Kərimlinin yaradıcılığından qırmızı xəttlə keçir.

Vətənpərvər, humanist şair Xanəli Kərimli qədim və zəngin ənənələrə malik Naxçıvan ədəbi mühitinin müasir dövrdə aparıcı nümayəndələrindən biridir. Vətən, xalq, torpaq sevgisi, müstəqil dövlətimizin rəmzlərinə hörmət, xalqımızın azadlıq uğrunda qəhrəmanlıqlarla dolu mübarizəsi, doğma vətənin tərənnümü, ulu öndərə böyük  məhəbbət Xanəli Kərimli yaradıcılığının əsas ana xəttini təşkil edir. O, vətəninə, millətinə, dövlətinə bağlı, həssas, humanist, mənəvi cəhətdən saf, halal, sadə, səmimi, yaradıcılığı ilə şəxsiyyyəti bir-birini tamamlayan bir şairdir. “Ay işığında” adlı ilk şeirlər kitabı 1998-ci ildə işıq üzü görən sadə, lakin mənalı, vətənpərvər, səmimi yaradıcılığı ilə diqqəti cəlb edən şair Xanəli Kərimli 1951-ci ilin 27 noyabrında Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. Anadan olmasından 75 il keçən vətənpərvər, humanist şair Xanəli Kərimli 1968-ci ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini, 1973-cü ildə indiki Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Şeirləri Azərbaycan hüdudlarından kənarlarda – İran, Türkiyə mətbuatında da işıq üzü görmüşdür. “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı”, “Mənə elə gəlir ki...”, “Duyğularım, düşüncələrim”,“Mənim könlüm bir ümmandır” və “Payız duyğuları”, “Ahlat taşı” və s. kitablarının müəllifidir. Şair, ədəbiyyatşünas və tanınmış ziyalı Xanəli Kərimlinin son kitabı 2026-cı ildə, anadan olmasının 75 illiyi münasibətilə Bakıda “Qanun” nəşriyyatında çap olunan “Mən haqqın yazan əliyəm” şeirlər toplusudur. Kitabda müəllifin son illərdə yazdığı şeirlər, fəlsəfi motivlər və “Dördlüklər” bölməsi toplanmışdır. Haqqında “Şairə məktub”, “Xanəli Kərimli: sözün Əlincə qalası”, “Xanəli Kərimli: bir ömrün işığı”, “Şairin könül dünyası” adlı məqalələr topluları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: bir ömrün nağılı” monoqrafiyası nəşr olunmuşdur. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İlk qələm təcrübəsi “Toğluqayanın Məmməd Araza məktubu” adlı şeir olsa da, ilk mətbu əsəri 1983-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuş “Anamla söhbət” adlı şeirdir.

Xəmiri ağrılarla yoğrulmuş şair böyük qəzəl ustadımız, dünyəvi, bəşəri kədərlə yazıb-yaradan ölməz Məhəmməd Füzuli kimi şəxsi yox, ictimai ağrılar səbəbindən əlinə qələm alıb ağrılarını yazmağa başlamışdır. Şairi ağrıdan nələrdir? Bu suala cavab verməzdən əvvəl filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimlinin “Ay işığında” kitabına yazdığı ön sözdən bu barədəki bir fikrini xatırlamaq istəyirəm: “Ağrılarım, qayğılarım” bölməsindəki şeirlər Xanəlinin şəxsiyyətindəki digər bir keyfiyyəti üzə çıxarır. Onun ağrı və nisgili sonsuz və nəhayətsizdir”. Ulu yaradan sanki şairləri mənsub olduğu xalqın ağrılarını müəyyənləşdirmək, bu ağrıları ürəyində daşımaq və ən nəhayətdə isə bu ağrılara, acılara, xalqın yaralarına məlhəm qoymaq, Mirzə Cəlil demişkən xəstəliyi müəyyən etdikdən sonra onun müalicəsini arayıb tapmaq, çətin vəziyyətlərdən çıxış yollarını göstərmək üçün yaratmışdır. “Ağrı dağı”, “Şəhidlər xiyabanında”, “Bu qan yerdə qalan deyil”, “Soyuqdur”, “Biganəlik” şeirləri, “Ağrı”, “Bütövlük”, “İnam”, “Təbil” poemaları bu ağrıların ifadəsi deyilmi?!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: bir ömrün nağılı” kitabında da qeyd etdiyi kimi “Xanəli Kərimlinin şeirləri, poemaları ilə yanaşı ... bayatılarının da müəyyən hissəsi Vətən mövzusundadır”.  Vətən ağrısı, millət ağrısı, 20 Yanvar ağrısı, qorxusu şairin içini didib parçalayır, bu qorxunun nə rəngi bilinir, nə gələcək taleyi... Şairin “illərlə qövr edən ürəyinin ağrısı, sinəsinin göynəyi” ancaq və ancaq azadlıq məlhəmi ilə azalardı. Ancaq bu azadlıq da Vətən torpaqlarının itirilməsi ilə nəticələndiyindən şairin ağrılarsız bir günü, bir anı, bir dəqiqəsi yoxdur:

Ağrısız, qorxusuz

İlim, ayım, günüm –

olmayıb anım belə.

1998-ci ildə yazılmış “Təbil” poemasında düşmənlə sərhəddə yerləşən kəndlərimizin tədricən əhalisinin sayının azalmasından doğan narahatlıq bir vətəndaş kimi şairi həyəcan təbili çalmağa, bunun qarşısının alınmasına çağırır. Dağ, daş, kənd, kəsək sahibsiz, məskunsuz, əsgərsiz qaldığından başını aşağı dikmişdir. Vətən qeydinə qalan şair sabahkı bütövlüyümüz, əmin-amanlığımız üçün bugün tədbirli olmağa, Vətənin hər qarış torpağının qədrini bilməyə, “dağların başını uca etməyə” xalqı təkidlə səsləyir.

“Ağrı” poeması 1994-cü ildə qələmə alınmışdır. Bu əsər 1990-cı ilin 20 Yanvarında azadlığını tələb edən xalqımıza qarşı törədilmiş qanlı faciənin nəticəsi olaraq yaranmış Şəhidlər xiyabanı qarşısında şəhid ailələrinin ağrı-acılarını öz içində yaşadan şairin düşüncələrinin ifadəsidir. “Şəhidlərin doğum günündə, şəhidlərin ildönümündə” kənardan durub ölməzlik qazanmış şəhidlərimizin məzarları qarşısında acısını yaşayan qohum-qardaşların kədərinə şərik çıxan şair onlardan daha çox əzab çəkir, onlardan milyon dəfə daha çox kədərlidir, çünki o, bir şəhidin deyil, bir xalqın şəhidlərinin dərdini ürəyinə yerləşdirmişdir:

... Kimi cırıb yaxasını

Şəhidinin qabağında,

Kimi qardaş harayında,

Kimi ata sorağında.

Kimisi də oğrun-oğrun

Göz yaşını qarsalayır.

Kimisi də fəryadıyla

Ürəkləri parçalayır.

Qarışıbdı bir-birinə

Əzan səsi, dua səsi.

Qarışıbdı bir-birinə

Əklillərin,

Çiçəklərin zümzüməsi.

Eyni ağrı-acılarla qələmə alınmış “Bütövlük” lirik poeması da şəhidlik mövzusundadır. Şəhidlər xiyabanındakı əbədi məşəl bir xalqın qəhrəmanlıqlarla dolu keçmişinin, azadlıq uğrunda mübarizəsinin rəmzi, “şəhidlərin özü, günahsız bir millətin haqqa ismarladığı sualı, sözü, şəhid anaların ürək sözü” kimi dəyərləndirilir:

O təkcə məşəl deyil,

Zəncirləri dişiylə

Qıran mərd övladların

Atəşidir, təbidir.

Bu təb bütün dünyaya

Bağırır ki, eşidin:

Azərbaycan torpağı

Şəhidlik məktəbidir!!.

O məşəlin od dili

Torpaq altdan püskürən

Şəhidlərin ruhudur.

Şairin qənaətincə, əlinə qələm alan hər bir yazı-pozu adamı yaxşı şair, yaxşı yazıçı ola bilməsə də, yaxşı vətəndaş olmağa borcludur. Bu mənada qətiyyətlə demək olar ki, Xanəli Kərimli şairliyi onun yaxşı vətəndaş olmağının bir göstəricisi və ya nəticəsi olaraq düşünülməlidir. O, yaxşı şair olmaqdan öncə yaxşı insandır, Vətənə layiqli vətəndaşdır.Vətənin sevincinə də, kədərinə də şərik çıxdığı üçün, xalqı ilə birgə döyünən ürəyə malik olduğu üçün, ürəyinə yalnızca Vətən yerləşdirdiyi üçün, öz zəmanəsinə mənsub olan bir sənətkar olduğu üçün!

“Naxçıvanım mənim”, “Şahbuzum”, “Qalırmı?”, “Qoşa bulaq” və s. şeirlərdə doğma diyara olan sonsuz məhəbbət, onun təbii gözəllikləri, keçmişi, tarixi, müqəddəs ocaqdan ayrılmağın kədəri ifadə olunmuşdur. Vətən Xanəli Kərimli üçün qürur, iftixar mənbəyidir, şan-şöhrətdir, ürəyinin şah damarında axan qandır, halallıqdır, paklıqdır, müqəddəslikdir, şairin ruhudur, cismidir, özüdür,  onun aylı gecəsi, günəşli gündüzüdür, azadlıq bayraqdarıdır. Vətən şair üçün o qədər dəyərli, ülvidir ki, onu başındakı qızıl tacı hesab edir:

Bu dünya bir cənnətdirsə,

O cənnətin qapısı sən!

Varım, yoxum – nəyim varsa,

Cümləsi sən, hamısı sən!

Xanəli Kərimlinin “Nə mutluyam”, “İstanbulda düşüncələr”, “Türkə ağı demək olmaz”, “Van gölü” və s. şeirlərində bir millət, iki dövlətdə yaşayan Azərbaycan türkləri ilə Türkiyə türklərinin birliyindən, qardaşlığından, şanlı  tarixindən və bu günündən bəhs edilmişdir.

1997-ci ildə qələmə alınmış “Azərbaycan bayrağı” şeirində müstəqil dövlətimizin rəmzlərindən biri olan qürur mənbəyimiz, azadlığımızı bütün dünyaya bəyan edən üçrəngli bayrağımız tərənnüm olunmuşdur. Şair üçün başının üstündə müqəddəs iki varlıq vardır, bunlardan birincisi ulu yaradan, digəri isə bir kərə yüksəldisə, bir daha enməyən üçrəngli bayrağımızdır:

O mənim yad ellərdə,

Danışan saf dilimdi.

Vüqarım, ləyaqətim,

Vətənimdi, elimdi.

Şairin 2021-ci ildə qələmə alınmış “Ata” xatirə-poeması avtobioqrafik məzmun daşısa da, dünya, həyat, Haqq, nahaq, axirət dünyası, Xeyir və Şər, nadanlar və aqillər, İblis-şeytan və s. haqqında fəlsəfi düşüncələr və qənaətlər ilə diqqəti cəlb edir. Poema həm zəngin xalq hikmətlərindən faydalanma və təsir ilə, həm də 75 illik təmənnasız ömür yaşayan bir insanın zəngin həyat təcrübələrinin bədii sintezi kimi bütün insanları Haqqa tapınmağa, ədalətə, Xeyir qüvvələrə arxalanmağa, humanizmə, düzgünlüyə, yüksək mənəviyyat sahibi olmağa səsləyir. İnsanı Həqiqətə, saflığa, mənəvi zənginliyə aparan yol orta əsrlərin sufizm cərəyanında olduğu kimi, bir sıra çətin mərhələlərdən keçir. Məhz bu səbəbdən də “Haqqın yolu kəsə yol deyil” fikrində olan şair Xanəli Kərimli öz şəxsi nümunəsilə insanlara bu yolda kömək olacaq vasitələri də sadalayır:

 Ancaq Haqqın yolu kəsə yol deyil,

Səbirdir, təmkindir Haqqa gedən yol.

Zamanın nəbzini tutan şair II Qarabağ savaşının başlandığı günlərdə illərdir ətrini duymağa, ayaq basmağa həsrət qaldığımız vətənimizin dilbər guşəsi Qarabağımızın və ətraf rayonların müdrik siyasi rəhbərimizin komandanlığı və vətənçün canından keçməyə hazır olan igid oğullarımızın sayəsində geri qaytarılmasının sevincinin “Bayrağını uca qaldır, ana vətən!”  adlı lirik poemasında ən yüksək bədii ifadəsini vermişdir:

Azərbaycan bir üzüksə, o üzüyün qaşı sənsən, Qarabağım,

Azərbaycan bir bədənsə, o bədənin başı sənsən, Qarabağım,

Azadlığın, enməzliyin əfsanəvi yaşı sənsən, Qarabağım.

Həm kədərli, həm sevincli gözümün də yaşı sənsən, Qarabağım.

Sənsiz mənim ürəyim də para idi, yara idi, Qarabağım,

Sənin belə quru adın dərdlərimə çarə idi, Qarabağım.

Qeyd etdiyimiz və edə bilmədiyimiz bu misralar təsəvvürümüzdə son dərəcə Vətəninə, millətinə, dövlətinə bağlı, həssas, humanist, mənəvi cəhətdən saf, halal, sadə, səmimi, yaradıcılığı ilə şəxsiyyyəti bir-birini tamamlayan bir şair canlandırır. Məhz bu cəhətlərinə görə, akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığını yüksək qiymətləndirərək yazmışdır: “Xanəli Kərimlinin yaradıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Həyata, insanlara həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm gətirir”. “Ağrıdan ucada dayanan şair”ə qəlb rahatlığı, könül xoşluğu arzulayır, 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

AYGÜN Orucova

AMEA Naxçıvan Bölməsi

Filologiya üzrə fəlsəfə doktoru, dosent