Hesablama Palatasının auditorluğuna namizədin adı açıqlandı
Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy məsələsi Milli Məclisdə müzakirə olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah — oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Hafiz İsmayılbəylinin namizədliyinə dair rəy gündəliyin birinci məsələsidir.
Qeyd edək ki, H.İsmayılbəyli 1992-ci il yanvarın 22-də Şərur rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2014-cü ildə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində mühasib kimi başlayıb. Sonrakı illərdə həmin idarədə mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışıb. 2016–2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində bank işi ixtisası üzrə pedaqoji fəaliyyət göstərib.
2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəisi olub.
Milli Məclisin 2019-cu il 22 oktyabr tarixli qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.








