İsraildə Azərbaycan Evi Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
İsraildə fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi" Diaspor qurumunun direktoru və Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin rəhbəri Nexamiya Şirin Mixaeli Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Təbrikdə bildirilir ki, yəhudi xalqı min illərdir Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşaraq, yerli xalqla doğmalaşıb, qardaşlaşıb və qohumlaşıb. Azərbaycan dövləti ilə İsrail dövləti arasında möhkəm dostluq və qardaşlıq münasibətləri də bu tarixi bağlara əsaslanır.
Nexamiya Şirin Mixaeli Novruz bayramını Azərbaycan xalqının ən qədim və mötəbər bayramı adlandıraraq, bu bayramın insanları bir-birinə yaxınlaşdırdığını, dostluq və barışıq rəmzi olduğunu vurğulayıb. O, Azərbaycan xalqının qonaqpərvərliyini, humanist və multikultural dəyərlərini xüsusi qeyd edərək, bu dəyərlərin Novruz bayramında da öz əksini tapdığını bildirib.
Təbrikdə Azərbaycan xalqına bolluq, firavanlıq, sülh və əmin-amanlıq arzulanıb:
"Arzu edirik ki, bu bahar bayramı Azərbaycan xalqına uğur gətirsin. Novruz sevinc, təbəssüm, xoşbəxtlik, sülh və əmin-amanlıq rəmzidir. Ümid edirik ki, bütün dünyada sülh və əmin-amanlıq bərqərar olacaq."
Təbrik İsrailin Akko şəhərindəki Dağ Yəhudiləri icması və "İsraildə Azərbaycan Evi"nin kollektivi adından Azərbaycan xalqına ünvanlanıb.