
Kazım Hüseynəliyev: Naxçıvanda vergi daxilolmaları artıb
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin əsas hissəsini Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri iqtisadiyyat naziri Kazım Hüseynəliyev 22 iyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvanda media nümayəndələri üçün təşkil olunmuş “Açıq qapı” günü tədbirində çıxışı zamanı deyib.
Nazir əlavə edib ki, 2025-ci ilin 6 ayı ərzində ümumilikdə muxtar respublika üzrə vergi daxilolmaları 93,8 milyon manat proqnoza qarşı 115,8 milyon manat və ya 23,4 faiz artıq icra olunmuş, ötən ilin müvafiq dövrünə nisbətən isə 18,6 milyon manat və ya 19,2 faiz artım qeydə alınıb.
2025-ci ilin 6 ayında məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 86,4 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 2,2 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar isə 15,1 milyon manat təşkil edib.
Hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22 mindən çox şəxs qəbul edilib, 30 minə yaxın xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2 faiz çoxdur. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,5 faiz təşkil edib. 2025-ci ilin 6 ayında vergi ödəyicilərinə 660 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 60 görüş keçirilib, onlara 248 ünvanlı xidmət göstərilib.
Muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam etdirilib. 2023-cü ildən indiyədək muxtar respublikada layihə çərçivəsində istehlakçılara 3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-iyun aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 808,4 min manat olub. 2025-ci ilin 6 ayında nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artaraq 592,3 milyon manat təşkil edib.