Milli mətbuatın 150 illik yubileyi çərçivəsində təltif olunan NDU əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

Milli mətbuatın 150 illik yubileyi çərçivəsində təltif olunan NDU əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

23 İyul 2025

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev milli mətbuatın 150 illik yubileyi çərçivəsində təltif olunan universitet əməkdaşları ilə görüşüb. Tədbirdə Universitetin rəhbər heyəti iştirak edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rektor Elbrus İsayev qeyd edib ki, prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində media nümayədələrinin təltif olunması böyük bir etimaddır. Ölkə başçısının III Şuşa Qlobal Media Forumunda vurğuladığı “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir” fikri də bu etimadın təzahürüdür. Minnətdarıq ki, ölkə başçısının məlum Sərəncamı çərçivəsində iyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfındən media nümayəndələrinin təltif edilməsi haqqında sərəncamında təltif olunanlar sırasında Naxçıvan Dövlət Universitetinin üç əməkdaşının da adı yer alıb. Bu təltiflər  əməkdaşların simasında, həm də ali təhsil ocağı üçün məsuliyyətdir, çünki ictimai və dövlət maraqlarının qorunması hər bir əməkdaşımızın qarşısında başlıca məqsəd olaraq qeyd olunub. Bütün istiqamətlərdə olduğu kimi mətbuat sahəsində də bu prinsipi  əsas tutan NDU-nun “Universitet televiziyası”, “”Nuhçıxan radiosu”, “Yeni fikir” qəzeti  öz fəaliyyəti ilə seçilir, “Jurnalistika” ixtisasının tələbələrinin uğurları ayrıca sevindirir.  

Təltif olunan əməkdaşları təbrik edən rektor Elbrus İsayev  Şəhla Şirəliyevaya Naxçıvan Muxtar Respublikasında media sahəsində xüsusi xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adı döş nişanı və vəsiqəsini, Kifayət Mahmudovaya “Rəşadətli əməyə görə” və Aqşin Məhərrəmova “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanlarını və vəsiqələrini təqdim edib. Rektor onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

NDU-nun “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri Şəhla Şirəliyeva, Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova, həmin şöbənin müdir müavini Aqşin Məhərrəmov göstərilən etimada görə minnətdarlıqlarını ifadə edib, gələcəkdə də daim səylə çalışacaqlarını bildiriblər.