NDU-da milli mətbuatın 150 illiyi qeyd olunub -

NDU-da milli mətbuatın 150 illiyi qeyd olunub - FOTO

21 İyul 2025

İyulun 21-də Naxçıvan Dövlət Universitetində milli mətbuatın 150 illik yubileyi qeyd olunub.  Müxtəlif media qurumlarının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə jurnalistlər mükafatlandırılıb, ali təhsil ocağına yeni alınmış çəkiliş, efir, həmçinin mətbəə avadanlıqlarının da təqdimatı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, öncə Universitetin “Media Mərkəzi” ilə tanışlıq olub. Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova şöbənin fəaliyyəti haqqında ətraflı məlumat verib, yeni avadanlıqları təqdim edib. Bildirib ki, “Media Mərkəzi”ndə işin daha da təkmilləşdirilməsi məqsədi ilə 2024-2025-ci tədris ilində ümumi dəyəri 223 min manat olan, 17 aksesuar ilə birgə 10 adda yeni avadanlıq alınıb. Təqdimatı keçirilən rəqəmsal TV ötürücüsü, “Sony” markalı fotoaparat, “Gimbal” sabitləyici və hərəkətli kamera kimi ən son texnologiyalar istifadəyə verilib.  Eləcə də iki ədəd müasir tələblərə cavab verən müasir montaj kompüteri, iki ədəd videokamera, kamera ştativi, televiziya montaj və yayım sistemlərinin işini idarə edən və efirə rahat çıxışa imkan verən çəkiliş pultu, əlaqə qurğuları keyfiyyətli çəkiliş və yayım işinin təşkilində xüsusi yer alıb.

Sonra “Media Mərkəzi”nin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində həmçinin  “NDU Nəşriyyat”a alınan yeni mətbəə avadanlıqlarının da təqdimatı keçirilib.  Nəşriyyatın direktoru Məhəmmədəli Məmmədli iştirakçıları innovativ və funksional imkanlara malik, müasir çap və emal avadanlıqları ilə təchiz olunan Universitet Nəşriyyatının iş prinsipi ilə tanış edib. Vurğulayıb ki, yeni alınan laminasiya cihazları, binderlər, üzləmə avadanlıqları və UV rəqəmsal təsvir printeri həm tədris materiallarının, həm də elmi, metodik, informativ və təqdimat xarakterli çap məhsullarının yüksək keyfiyyətlə hazırlanmasını təmin edir. Xüsusilə ən son yeniliklərdən biri olan UV rəqəmsal təsvir printeri vasitəsilə müxtəlif materiallar üzərində yüksək keyfiyyətli və davamlı çaplar aparılır. Bu texnologiyalar ilə həm reklam-təqdimat məhsulları, həm də fərdi hədiyyələr, lövhələr, tablolar və digər tətbiqi işlər yerinə yetirilir. Məhəmmədəli Məmmədli qeyd edib ki, alınan 350 min manat dəyərində yeni avadanlıqların hər biri ən müasir təchizatlardır.

Tədbir Universitetin senat otağında jurnalistlərin, Universitetin rəhbər heyətinin və əməkdaşların, tələbələrin iştirakı ilə davam edib.

Naxçıvan Dövlət Universitetinin rektoru  Elbrus İsayev çıxış edərək ölkə başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamının müstəqil mətbuatın inkişafına yönəlmiş dövlət qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Rektor bütün mətbuat işçilərini təbrik edib, 150 il öncə 22 iyul tarixində “Əkinçi” qəzetinin nəşrindən başlanan milli mətbuatın zəngin tarixi irsindən danışıb. Elbrus İsayev Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin  ali təhsil ocağı ilə Kütləvi İnformasiya Vasitələri  arasında əlaqələndirici  rolundan bəhs edib. Qeyd edib ki, şöbə tərkibində “Media Mərkəzi”ndə “Universitet televiziyası” (NDU tv), “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzeti fəaliyyət göstərir. Hər üç KİV universitetə dair yeniliklərin işıqlandırılmasında xüsusi rol oynayır. Rektor bildirib ki, son illər “Media Mərkəzi”nin, “NDU Nəşriyyat”ın maddi-texniki bazası xeyli möhkəmləndirilib, bu da texniki və yaradıcı işin keyfiyyətinin artırılmasına hədəflənib.

Daha sonra “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Xəbərlər Departamenti”nin rəhbəri Röyal Məmiyev NDU-nun media qurumları ilə əməkdaşlığından bəhs edib, göstərilən diqqətə görə təşəkkürlərini bidiriblər.  

Tədbir Naxçıvan Dövlət Universiteti ilə səmərəli əməkdaşlıq və uğurlu fəaliyyəti ilə seçilən  media qurumlarının nümayəndələrinin mükafatlandırılması ilə davam edib. Eləcə də  Universitetin “Media Mərkəzi”nin  fəaliyyətində və “Yeni fikir” qəzetinin nəşrində əməyi olan əməkdaşlar mükafatlandırılıb. Həmçinin ali təhsil ocağında “Mətbuat: keçmişdən gələcəyə söz körpüsü” mövuzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri, “Jurnalistika” ixtisasının IV kurs tələbəsi Əli Yarıyev birinci yer, III kurs tələbəsi Rafiq Təhməzov ikinci yer, II  kurs tələbəsi Nəzrin İsmayılova üçüncü yer olmaqla diplomla, digər  iştirakçılar isə müxtəlif nominasiyalarla mükafatlandırılıb.

Sonda tədbirdən xatirə fotosu çəkdirilib