Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib -

Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib - FOTO

21 İyul 2025

İyulun 21-də Naxçvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyinə” həsr olunmuş “Milli Mətbuat 150 il” adlı  tədbir keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  deputatı, Naxçıvan Televiziyasının əməkdar jurnalisti Təhminə Babayeva, “Şərq qapısı” qəzetinin gənc əməkdaşı, jurnalist Rafiq Təhməzov çıxış edərək 22 iyul – Milli Mətbuat Gününün ölkəmizdə söz və fikir azadlığının, milli düşüncənin, maarifçiliyin və vətənpərvərliyin təntənəsi kimi qeyd edilməsi barədə fikirlərini bölüşüblər. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında bildirib ki, Azərbaycan mətbuatının 150 illik tarixi, sözün əsl mənasında, xalqımızın maariflənməsi, ictimai düşüncənin formalaşması və milli ideologiyanın bərqərar olması yolunda keçdiyi şərəfli və əzablı bir yoldur. Həsən bəy Zərdabinin əsasını qoyduğu bu müqəddəs yol bu gün müasir Azərbaycanın azad, peşəkar və milli maraqlara xidmət edən mətbuat orqanları ilə uğurla davam etdirilir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuş, həmçinin 25 aprel 2025-ci il tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Ölkəmizdə və eləcə də muxtar respublikamızda mətbuatın inkişafı, jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu il may ayının 30-da Naxçıvan şəhərində keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” Naxçıvan mətbuatının dövlətçiliyin, maarifçiliyin, milli kimliyin qorunması və təbliğində mühüm rol oynadığını bir daha göstərdi. 

Çıxışın sonunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev media qurumlarının rəhbərlərini və əməkdaşlarını, bütün mətbuat işçilərini, jurnalistləri səmimi qəlbdən təbrik edib, onlara fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edib və səmimi təşəkkürünü bildirib.

Sonda Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Televiziyası tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. 

Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, media qurumlarının rəhbərləri və əməkdaşları, mətbuat işçiləri və jurnalistlər iştirak ediblər.