
Şəhid Xəzər Zamanovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO
İyun 21-də Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şəhid Zamanov Xəzər Azər oğlunun əziz xatirəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib. Turnir Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, turnirin keçirilməsində əsas məqsəd Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək və şahmat idman növünü təşviq etmək olmuşdur.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, polis serjantı Zamanov Xəzər Azər oğlu antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuş, igidliyi ilə xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır.
Yarışda ümumilikdə 28 nəfər məktəbli şahmatçı iştirak edib. Gərgin və maraqlı keçən qarşılaşmaların nəticəsində fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunmuşdur.