
“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nə mediatur təşkil olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən media nümayəndələri, jurnalistlər, nazirlik əməkdaşlarının iştirak ilə “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nə mediatur təşkil olunub
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mediatur zamanı əlaqələrin 2025-ci il 6-16 iyul tarixlərində Paris şəhərində keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 47-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsinin əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, Gəmiqaya Azərbaycanın ən qədim mədəniyyət nümunələrindən biridir və Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu ərazi Tunc dövründən Orta əsrlərə qədər müxtəlif tarixi mərhələləri əks etdirən zəngin qayaüstü təsvirlərlə məşhurdur. Gəmiqaya petroqlifləri qədim insanların məişətini, inanclarını və bədii dünyagörüşünü əks etdirən nadir nümunələrdir və həm elmi, həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Ordubad rayonu ərazisindəki digər maraqlı təbiət abidələrindən biri isə Göygöldür. Rayonun Nürgüt kəndi yaxınlığında, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşən Göygölün sahəsi 1,5 hektar, dərinliyi isə 6,5 metrə çatır. Suyunun göyümtül rəngə oxşamasına görə belə adlandırılıb. Göygöl ilin bütün fəsillərində yağan qar və yağış sularından, eləcə də gölün ortasından qaynayan bulaqlardan qidalanır. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, burada ilin dörd fəslini də eyni anda müşahidə etmək mümkündür. Belə ki, gölün bir tərəfində qar, bir tərəfində gül-çiçək, bir tərəfində soyuq, bir tərəfində günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür.
Mediatur çərçivəsində jurnalistlər və media nümayəndələri komplekslə daha yaxından tanış olub. Bütün bunlar həm bölgənin tanıdılmasına, həm də turizmin inkişafına xidmət edəcək.