
"Bəhruz Kəngərlinin portreti” rəsm əsərinin təqdimat mərasimi keçirilib - FOTO
Təqdimatı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov bildirib ki, bu gün muzey üçün əlamətdar günlərdən biridir. Pərvin Həsənov gənc rəssam Bəhruz Kəngərliyə rəsm əsərini muzeyə təqdim etdiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin adından minnətdarlığını bildirib. Qeyd olunub ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva “Bəhruz bəy Kəngərli ənənələri azərbaycanlı rəssamların yaradıcılığında”, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli “Gənc rəssam Bəhruz Kəngərli” mövzularında çıxış etmişlər. Tədbirdə rəssamın atası Hafiz Kəngərli və rəssam Bəhruz Kəngərli öz ürək sözlərini söyləyiblər. “Bəhruz Kəngərlinin portreti” rəsm əsərinin müəllifi Bəhruz Kəngərli çıxış edərək bildirdi ki, görkəmli rəssam Bəhruz bəy Kəngərli mənim ulu babamın dayısı oğlu olub. Məni də məhz onun şərəfinə Bəhruz adlandırıblar. Əlbəttə, ikinci Bəhruz olmaq çox çətindir. Mən bu adın məsuliyyətini hiss edirəm. Böyük rəssamın adını daşımaq fəxr olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Bəhruz Kəngərlinin mənim rəssamlıq fəaliyyətimdə böyük rolu olub”.
Daha sonra gənc rəssam Bəhruz Kəngərli özünün çəkdiyi “Bəhruz Kəngərlinin portreti” adlı rəsm əsərini muzeyə hədiyyə edib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.