DSX Akademiyasında magistratura pilləsinin dördüncü buraxılışı olub

DSX Akademiyasında magistratura pilləsinin dördüncü buraxılışı olub

18 İyul 2025

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında magistratura pilləsinin dördüncü buraxılışı münasibətilə təntənəli tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” kompleksi ziyarət edilib, abidə önünə güllər düzülüb.

Döyüş Bayrağı mərasim yerinə gətirilərək Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə yaradılan və ölkəmizin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayan DSX Akademiyasının magistratura pilləsini bitirmiş məzunlarını təbrik edərək bu yolda dəstəyini əsirgəməyən zabitlərə və pedaqoji heyətə minnətdarlıqlarını bildiriblər.

Daha sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Magistratura təhsilini müvəffəqiyyətlə başa vuran 6, ali nəticələrə görə qırmızı diploma layiq görülən bir nəfər məzuna diplomlar təqdim edilib.

Məzunlar çıxışlarında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib ölkənin qürurlu sərhədçiləri olaraq Dövlət Bayrağımızın dalğalandığı sərhədlərin keşiyində şərəflə dayanacaqlarını qeyd ediblər.