
Ədliyyə Nazirliyinin də birgə təşkilatçılığı ilə "SUVAR" ekoloji aksiyası keçirilib - FOTO
İyulun 18-də Naxçıvan Muxtar Respublikasında “SUVAR” ekoloji aksiyası növbəti dəfə təşkil olunub. Aksiya yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmə məqsədi daşıyıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. İştirakçılar ətraf ərazilərdəki ağacları suvarmaqla yanaşı, sakinlərlə maarifləndirici söhbətlər aparıblar.
Ədliyyə və ekologiya qurumlarının əməkdaşları aksiya zamanı fəallıq göstərərək ağacların suvarılmasında və ictimaiyyətin məlumatlandırılmasında iştirak ediblər. Onlar vətəndaşlara su ehtiyatlarının qorunmasının vacibliyindən bəhs edərək ictimai dəstəyə çağırış ediblər.
Tədbir çərçivəsində “Tullantıları ekoçantaya dəyiş” adlı təşəbbüs də həyata keçirilib. Bu təşəbbüs tullantıların azaldılması və təkrar istifadənin təşviqi baxımından xüsusi diqqət çəkib.