Şahbuz rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib -

Şahbuz rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib - FOTO

18 İyul 2025

İyulun 18-də Şahbuz Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Şahbuz rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi,baş ədliyyə müşaviri Faiq Səfərov,Şahbuz Rayon Ağsaqqallar Şurasının sədri Tamleyxa Cəbiyev və Nursu kənd tam orta məktəbinin müəllimi Elvin İbrahimov çıxış edərək  nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bildiriblər.

 Qeyd olunub ki, Qərbi Azərbaycan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq hüquq çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. 

Kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.

Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.

Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildi əsasında hazırlanmış videoçarx nümayiş olunub. Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.