Naxçıvanda “Media-aktiv” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib -

Naxçıvanda “Media-aktiv” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib - FOTO

21 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə həyata keçirilən “Media-aktiv” layihəsi uğurla başa çatıb. Layihənin yekun tədbiri iyulun 21-də Naxçıvan şəhərində yerləşən "Saat Meydanı"nda təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirin əvvəlində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. Ardınca gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, medianın cəmiyyətdəki roluna və əhəmiyyətinə diqqət çəkib. O vurğulayıb ki, mətbuat ictimai şüurun formalaşmasında, maarifləndirmə prosesində və gənc nəslin düzgün informasiya ilə təmin olunmasında əvəzolunmaz vasitədir. Qeyd olunub ki, bu gün ölkəmizdə medianın inkişafı dövlətin daimi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu sahədə mühüm addımlar atılır, media nümayəndələrinin peşə fəaliyyətinə və sosial rifahının gücləndirilməsinə dabamlı dəstək göstərilir.

“Media-aktiv” barədə fikirlərini bölüşən nazir müavini layihəni müxtəlif peşələrdə çalışan media nümayəndələrini bir yerə toplayaraq maraqlı və əyləncəli zaman keçirmələrinə səbəb olan təşəbbüs olmaqla yanaşı, onların arasında həmrəyliyi, sağlam rəqabəti və dostluğu simvolizə edən mühüm platforma kimi dəyərləndirib.

Tədbirdə layihənin fəal iştirakçılarından olan Arif Bayramov və Taleh Hüseynli çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşüb, görə təşəkkürlərini ifadə ediblər.

Daha sonra layihə çərçivəsində keçirilən yarışmaların videoicmalları izlənilib, ilk üç yeri tutan komandalar və fərqlənən iştirakçılar diplom, fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar. Mükafatları nazir müavini Məcid Seyidov təqdim edib.

Tədbir çay süfrəsi ətrafında səmimi müzakirələrlə davam edib və tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib

Xatırladaq ki, iyulun 10-u “Nə? Harada? Nə zaman?” intellektual oyunu ilə start götürən “Media-aktiv” layihəsi çərçivəsində stolüstü tennis, şahmat və futzal yarışları da təşkil olunmuşdu.