
Azərbaycan mətbuatı keçmişdən bu günə
Milli-mənəvi dəyərlərin mövcud olduğu ölkədə mətbuatın formalaşması və inkişafı qaçınılmazdır. “Əkinçi” qəzeti ilə başlayan mətbuat tarixi bu gün özünün yüksəliş mərhələsini yaşayır. Azərbaycan tarixinin müxtəlif dövrlərində mətbuatın mövcud olması tarixi şəraitin obyektiv əks etdirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur. Mətbuatın mövcudluğu təmin edir ki, bu gün yeni nəsil keçmişin düşüncələrinə, dünyagörüşünə bələd olsun. Azərbaycanın keçdiyi inkişaf yolunu daha açıq nəzərlərlə gözdən keçirsin.
“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı tarixin həngaməli yollarında mübarizə aparmışdır. Bu mübarizə özünün haqq səsini duyurmaq istəyən Azərbaycan ziyalıları üçün bir həyat amalı, yaşamaq səbəbi olmuşdur. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər ziyalılarımız xalqın ictimai-iqtisadi və mədəni həyatında çevriliş etmək, cəmiyyəti maarifə, elmə, təhsilə yönləndirmək, onu cəhalətdən xilas etmək məqsədi ilə yaşamışlar. Bəs nə üçün onlar bu çətin yolu seçmişdilər? Nə üçün digər insanlar kimi olmamışdılar? Çünki onların amalı xalqın halına biganə qalmaq, xalqa üz çevirmək deyildi. Vətənin gələcəyi, gənc nəslin hansı mühitdə böyüməyi kimi taleyüklü məsələni öz axarına buraxmaq olmazdı. Buna görə də xalqı bir çox sahələr üzrə məlumatlandıran “Əkinçi” qəzetində ictimai-siyasi, fəlsəfi, iqtisadi, maarifçilik, əkinçilik, kənd təsərrüfatı, təbiətşünaslıq, xalq məişətinin müxtəlif sahələri öz əksini tapıb.
Ümumi məqsədləri reallaşdırmaq arzusunda olan vətənpərvər ziyalılarımız “Əkinçi” qəzetindən sonra onun yolunu davam etdirən digər qəzet və jurnalların nəşrində fəal iştirak etmişlər. Beləliklə, mətbuat milli oyanış prosesinin aparıcı vasitələrindən birinə çevrilmişdir.
Milli mətbuatın formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev mətbuatın əhəmiyyətini anlayan və təsir qüvvəsinə inanan siyasətçi olmuşdur. Ulu Öndərin Azərbaycan, onun inkişafı, tərəqqisi, tarixi, bu günü və sabahı üçün irəli sürdüyü fikirlər, yürütdüyü siyasi missiya, apardığı islahatlar bugünkü Azərbaycanın təməl daşı oldu və bu təməl sarsıdıla bilməyən dəmir yumruğa çevrildi. Ümummilli Liderimiz media sektorunun və mətbuatın inkişafı üçün xeyli addımlar atmışdır. Onun milli mətbuatın tərəqqisinə göstərdiyi qayğının nəticəsində bu gün media sektoru müstəqil və demokratik prinsiplərə əsaslanan bir sahə kimi formalaşmışdır.
Azərbaycanın milli maraqlarını qoruyan Prezident İlham Əliyev Ulu Öndərin azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət istiqamətini uğurla davam etdirir. İlham Əliyevin mətbuatın inkişaf etməsi üçün 2021-ci il «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» 12 yanvar tarixli Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə imzaladığı Fərman, 2025-ci ilin aprelin 25-də Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı jurnalistlərin qarşısına mühüm vəzifələr qoymuş, Azərbaycan mətbuatına yeni imkanlar qazandırmışdır. İlham Əliyevin mətbuatın inkişafı üçün apardığı siyasət medianın peşəkar və cəmiyyətin informasiya ehtiyaclarına cavab verən bir səviyyəyə çatmasına səbəb olmuşdur. Bu siyasət mətbuatda informasiya təhlükəsizliyinin təmin olunmasına və jurnalistlərin fəaliyyət şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Vətənimizin hər bir daşına sahib çıxan, bu günün deyil, tarixən mövcud olmuş Azərbaycan torpaqlarının bütövlüyünə nail olan, yalnız ölkə daxilində yaşayan vətənaşlarmıza deyil, dünyanın istənilən bölgəsində yaşayan soydaşlarımızın da milli kimliyinə və hüquqlarının qorunmasına xüsusi önəm verən İlham Əliyev müasir Azərbaycanın güclənməsində və beynəlxalq aləmdə layiqli yer tutmasında müstəsna rol oynayır.
44 günlük Vətən müharibəsində operativ və dəqiq informasiyalarla ictimaiyyəti məlumatlandırmaq işində mətbuatın rolu danılmazdır. Bu dövrdə əsl həmrəylik nümunəsi ortaya qoyan mediamız Vətənimizin haqq səsini dünyaya çatdırdı. Beynəlxalq aləmdə əlaqələrimizə nüfuz qazandırdı. Milli mətbuatımız Azərbaycanın tərəqqisini, beynəlxalq nüfuzunun yüksəlişini həqiqi mənada təmin etdi. Jurnalistlərimizin cəbhə bölgəsindən yayımladığı dəqiq məlumat, şəkil və videolar ictimaiyyətə çatdırıldı. Vətən üçün səfərbər olan jurnalistlərimizin fəaliyyəti isə olduqca əhəmiyyətlidir. Bu dövrdə yaralanan jurnalistlərimiz qədər şəhid olan jurnalistlərimiz də oldu. ATV televiziyasının əməkdaşı Davud Qurbanov 2020-ci il oktyabr ayının 5-də şəhid oldu.
Vətən müharibəsindən sonrakı dövrdə Kəlbəcər rayonu ərazisində vəzifəsini icra edən AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə yüksəlmişlər. Ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşlar.
Bu gün ölkəmizdə mətbuat kulminasiya dövrünü yaşayır. Media savadlılığı, saxta xəbərlərlə mübarizə, suni intellektin bu sahəyə inteqrasiyası, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma kimi faktorlar medianın inkişafını dəstəkləyən amillərdir. Suni intellekt və rəqəmsallaşmanın inkişafı və mətbuata inteqrasiyası media sektorunu dəyişdirir, yaradıcılıq amilini artırır. Daha sürətli xəbər paylaşımına imkan yaradır. Mətbuat azadlığının təmin olunması, bu sahəyə dövlət tərəfindən göstərilən qayğı insan hüquqlarına hörmətin göstəricilərindən biri kimi çıxış edir və Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.
Məhsəti Cəfərli
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı