Əkinçi - Sözdən yurd salan qəzet

Əkinçi - Sözdən yurd salan qəzet

21 İyul 2025

“Mətbuat millətin aynasıdır” – Həsən bəy Zərdabi

150 il. Bir əsr yarım. Deyilənə baxanda azdır, keçənə baxanda - bir ömürdən çox.  

1875-ci ilin 22 iyulunda bir toxum  səpildi bu torpağa... “Əkinçi” adlı 56 barlıq, cəhaləti bir ömürlük silən bir toxum. Toxumu səpən isə sadə bir müəllim idi — Həsən bəy Zərdabi... Bar verdimi bu toxum? Həm də necə. Əkinçi bar verdi, həm də “tikanlar” içində. Halbuki onun cücərdiyi torpaq cəhalət idi. Amma yenə də verdi. O qəzet olmasaydı bəlkə də, milli oyanış bu qədər erkən olmazdı. Azərbaycan türkcəsi yazı dili kimi bu qədər tez ayağa qalxmazdı.

Həsən bəy “Əkinçi”ni çıxaranda nə reklam vardı, nə də “reyting”. Qəzet öz-özünə yayılmırdı. Çünki oxumaq bilməyən bir cəmiyyətə söz çatdırmaq mümkünsüz idi və Zərdabi də elə məhz mümkünsüzü bacardı. “Elmi, biliyi xalq arasında yaymaq, hər bir vətən övladının borcudur.” - deyərək,  hər şeyə rəğmən yoluna davam etdi. Asan yolu sınamadı  bu sadə müəllim. Zatən sınayacaq yol da yox idi. Çünki, onun hər addımında mübarizə vardı – senzura ilə, nadanlıqla, sükutla mübarizə ... O isə bilirdi ki: həqiqət gec də olsa, yol tapar.

Zərdabi deyirdi: "Xalqın fikrini ayıltmaq üçün onun dili ilə danışmaq gərəkdir." Zərdabinin “Əkinçi”si kəndlini, zəhmət adamını, oxumaq istəyən gənci, qadını, müəllimi, yazıçını bir yerə topladı. O zamanlarda qəzet demək, sadəcə xəbərlər vermək deyildi. Qəzet – işıq idi. Camaatın evində çıraq kimi yanan, sözlə aydınlıq gətirən bir işıq... O dövr üçün bu, sadəcə jurnalistika deyildi — səssiz bir inqilab idi.

Zərdabi yazırdı:

"Qəzet millətin aynasıdır. Qəzet olmasa, millət bir-birindən bixəbər qalar." Bu cümlə bir məlumat parçası deyil, bir xalqın gələcəyi üçün yazılmış və uzaqgörənliklə düşünülmüş bir  strategiya idi əslində. “Əkinçi” yalnız bir qəzet deyildi. O, milli düşüncənin beşiyində doğulan ilk söz idi. Bu gün biz “Əkinçi”nin 150 illiyini qeyd etməklə, əslində milli mətbuatın ilk nəfəsini xatırlayırıq. Zərdabi yalnız qəzet yaratmadı – o, fikrin azadlığını, sözün gücünü, xalqın oyanışını tarixə yazdı.

Zərdabi “Əkinçi”də yazırdı: “Xalqa maarif lazımdır. Maarif olmayınca heç bir tərəqqi mümkün deyil.”  Bu fikir 150 ildir öz qüvvəsindədir. Bu gün təhsildə, mətbuatda, cəmiyyətdə və mediada hər hansı bir uğurun kökündə məhz o sadə, lakin sarsılmaz fikir dayanır – xalqın maariflənməsi.  Bugünkü reallıqda bu fikir daha dərin məna kəsb edir. Çünki, medianın rolu yalnız informasiyanı ötürmək deyil, həm də cəmiyyəti formalaşdırmaq, maarifləndirmək, təhlükələri öncədən sezərək xalqı xəbərdar etməkdir.

“Əkinçi” yalnız 2 il yaşadı, amma bir əsrə işıq saldı. Onun ardınca gələn “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin”, “İqbal”, “Füyuzat” kimi nəşrlər “Əkinçi”nin açdığı yolun davamçıları oldular. Bugünkü televiziyalar, internet saytları və xəbər portalları da əslində, o yolun müasir asfaltıdır. Zaman dəyişdi, amma missiya eyni qaldı.

Bu gün – 2025-ci ildə də jurnalistikanın və medianın üzərində eyni məsuliyyət var: Maarifləndirmək. Düşündürmək. Həqiqəti göstərmək. Zərdabinin 150 il əvvəl dediyi bu sözlər, əslində, bu gün üçün də keçərlidir: “İstərdim ki, qəzetimiz xalqın aynası olsun.”  Media bu gün də xalqın aynasıdır. Yalnız o ayna təhrif olunmamalı, tərtəmiz saxlanmalıdır.  Və bu gün – rəqəmsallaşma əsrində, süni intellekt dövründə belə, “Əkinçi”nin izlərini daşıyan bir ruh yenidən canlanır. Çünki informasiya cəmiyyətində də mətbuat – hələ də şüurun, vətəndaş məsuliyyətinin və ictimai nəbzin göstəricisidir.

Qısacası, “Əkinçi” bir qəzet deyildi. O, ideya idi. Ruh idi. Çağırış idi. Və o çağırış bu gün də yaşayır. Hər dürüst sözün içində. Hər obyektiv reportajda. Hər doğru başlıqda. Hər qərəzsiz media mərkəzində.

Milli mətbuat günümüz mübarək.

Əfruz İBRAHİMQIZI