Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb

Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb

23 İyul 2025

2025-ci ilin ilk 6 ayı ərzində muxtar respublikada istehsal olunan məhsullar Gürcüstan, Rusiya, Yəmən, Türkiyə, ABŞ, Qırğızıstan və digər ölkələrə ixrac edilib. Ümumi ixrac dəyəri 5,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,0 faiz çoxdur.

İqtisadiyyat Nazirliyində "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, 2025-ci ilin birinci yarımili ərzində ixrac potensialının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 11 beynəlxalq tədbirdə 45 sahibkarın iştirakı təmin olunub, 13 şirkətin məhsulları 3 beynəlxalq sərgidə nümayiş etdirilib. Naxçıvandan ixrac olunan mallara 183 mənşə sertifikatı verilib ki,  bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 lisenziya verilib. Bu lisenziyaların 43,5 faizi əczaçılıq, 13,0 faizi sürətli poçt xidməti, 8,7 faizi özəl tibb sahəsinə, 34,8 faizi isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən 4399 icazə reyestrdə qeydiyyata alınıb və bu icazələrdən büdcəyə 103,5 min manat vəsait daxil olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə verilmiş icazələrin sayı 3 dəfə, daxilolmalar isə 85,2 faiz artıb.