
Kazım Hüseynəliyev: Naxçıvanda sahibkarlara 7,4 milyon manat güzəştli kredit verilib
2025-ci ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 77 layihənin maliyyələşdirilməsinə 7,4 milyon manat vəsait ayrılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iqtisadiyyat naziri Kazım Hüseynəliyev 22 iyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvanda media nümayəndələri üçün təşkil olunmuş “Açıq qapı” günü tədbirində bildirib.
Bildirilib ki, Fond tərəfindən maliyyələşdirilmiş ümumi güzəştli kredit məbləğinin 73,6 faizi sənaye, 18,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1 faizi isə xidmət sahələrinə yönəldilib. Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 faizi kiçik, 23,9 faizi orta, 67,5 faizi isə böyük həcmli kreditlərdən ibarət olub. Verilmiş kreditlər hesabına 80 yeni iş yerinin açılması imkanı yaranıb.
Nazir əlavə edib ki, 2025-ci ilin ilk 6 ayı ərzində 5,8 milyon manat məbləğində güzəştli kredit geri qaytarılıb. Həmin dövrdə həmçinin 2,1 milyon manat problemli kredit ödənilib.
Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatdırılıb.