
Sədərək rayonunda “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Sədərək rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdu
Həmçinin, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Samir Tarverdiyev, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Qadir Əkbərov, Sədərək rayon Prokurorluğunun əməkdaşı Rəmzi Həsənov və YAP-ın Sədərək rayon təşkilatının sədri Arif Qasımov mövzu ilə bağlı çıxış ediblər.
Sonda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.