
İqtisadiyyat Nazirliyində milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
İyulun 22-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə keçirilən tədbirin məqsədi media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etmək, Naxçıvanda iqtisadi sahədə görülən işlər barədə onları məlumatlandırmaq və media ilə əməkdaşlığı gücləndirmək olub.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev mətbuat işçilərini salamlayaraq Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təbrik edib, milli mətbuatın ölkənin sosial-iqtisadi inkişafındakı vacib rolunu qeyd edib. Medianın ictimai rəyin formalaşmasında, vətəndaşların iqtisadi proseslərə dair məlumatlılığının artırılmasında və islahatların geniş kütlələrə çatdırılmasında mühüm vasitə olduğunu vurğulayıb.
Daha sonra iqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirliyin 2025-ci ilin birinci yarımili üzrə fəaliyyəti və əldə olunan nəticələr barədə məlumat verib.
Jurnalistlər görüşün təşkilinə və onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Sonra media mənsublarına iqtisadi sahədə baş verən yeniliklərin işıqlandırılmasında göstərdikləri peşəkarlığa görə təşəkkürnamələr təqdim olunub.
Sonda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” nə mediatur təşkil olunub. Media nümayəndələri hərrac prosesi ilə bağlı praktiki nümunələrlə tanış olub.