Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq

Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq

30 İyun 2026

Kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir və hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin 25 may tarixli Sərəncamla “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

“Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”, - deyə nazir bildirib.