Kəngərlidə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib -

Kəngərlidə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib - FOTO

08 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Kəngərli Rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Həcər Ələsgərova mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda narkomaniyanın cəmiyyət və xüsusilə gənclər üçün yaratdığı təhlükələrdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial istiqamətlərindən bəhs olunub. Bildirilib ki, narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin və sağlam nəslin formalaşdırılması baxımından mühüm istiqamətlərdən biridir. Bu sahədə həyata keçirilən tədbirlərin kampaniya xarakteri daşımadığı, davamlı dövlət siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.