Naxçıvanda 28 valideyn himayəsindən məhrum uşaq tələbə adını qazanıb -

Naxçıvanda 28 valideyn himayəsindən məhrum uşaq tələbə adını qazanıb - FOTO

08 Oktyabr 2026

Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsil müəssisələrinə qəbul olan sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrlə görüş keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək tələbə adını qazanan abituriyentləri təbrik edib. Bildirib ki, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq-gənclər siyasəti çoxşaxəli və ardıcıl xarakter daşıyaraq, uşaqların hüquq və sağlamlıqlarının qorunmasına, bilik və bacarıqlarının artırılmasına, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmasına zəmin yaradır. Uğurlu dövlət siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq və gənclərlə bağlı fəaliyyətidir. Onun təşəbbüsləri uşaqların hərtərəfli inkişafına, gənclərin elm, mədəniyyət və idman sahələrində nailiyyətlərinin artırılmasına geniş imkanlar açır. 

Komitə tərəfindən mütəmadi olaraq uşaq hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqlər keçirilir, onların problemlərinin həlli istiqamətində tədbirlər görülür. Komitə sədri xüsusilə vurğulayıb ki, 2025–2026-cı tədris ilində muxtar respublikada 3700 nəfər XI sinfi bitirərək məzun olub. Onlardan 1772 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olanların 985 nəfərini qızlar, 787 nəfərini isə oğlanlar təşkil edir. Onlardan 12 nəfəri sağlamlıq imkanları məhdud, 2 nəfəri isə valideyn himayəsindən məhrum olanlardır. Orta ixtisas təhsil müəssisələrinə XI sinif bazasından 459 nəfər qəbul olub. Onlardan 11 nəfəri sağlamlıq imkanları məhdud, 3 nəfəri isə valideyn himayəsindən məhrum olanlardır. Beləliklə, ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlardan ümumilikdə 28 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 

Çıxışının sonunda Ramilə Seyidova uşaqları, valideynlərini və onların himayədarlarını bir daha təbrik edib, onların gələcəkdə dövlətimiz üçün savadlı və layiqli kadrlar olacaqlarına əminliyini bildirib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova da tələbələri səmimi qəlbdən təbrik edərək onlara təhsil həyatında uğurlar arzulayıb. Tədbirdə valideyn Nüşabə Hüseynova, tələbə Laçın Əliyeva və digər tələbələr onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

Sonda abituriyentlərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.