Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin aqrar xidmətlərə çıxışının təmin edilməsi, kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi və təsərrüfatlara yerində xidmət göstərilməsi məqsədilə həyata keçirilən sahə görüşləri davam edir.
Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, növbəti tədbirlər Xocalı rayonunun Seyidbəyli, Ballıca və Xanyurdu kəndlərində, eləcə də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində keçirilib.
Görüşlər zamanı ümumilikdə 20 təsərrüfata baxış keçirilib, təsərrüfatların vəziyyəti qiymətləndirilib və təsərrüfat sahiblərinə mövcud resurslardan düzgün istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.
Əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərə təsərrüfat fəaliyyətinin səmərəli təşkili ilə bağlı dəstək göstərmək, heyvan və bitki sağlamlığının qorunması, məhsuldarlığın artırılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində maarifləndirmə aparmaqdır.
Tədbirlər çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Laboratoriya və Sertifikatlaşdırma Mərkəzi, eləcə də Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə və təsərrüfat sahiblərinə aqrar xidmətlər göstərilib. Səyyar baytarlıq xidmətləri həyata keçirilib, heyvanların və bitkilərin sağlamlıq vəziyyəti qiymətləndirilib, müayinələr aparılıb. Xəstəlik və zərərvericilərin erkən aşkarlanması və qarşısının alınması ilə bağlı tədbirlər görülüb, həmçinin müasir aqrotexniki üsulların tətbiqi, təsərrüfatların səmərəli idarə olunması və aqrar xidmətlərdən düzgün istifadə ilə bağlı tövsiyələr verilib.
Həmçinin sahə görüşləri zamanı təsərrüfat sahiblərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və aqrar sahədə mövcud imkanlar barədə ətraflı məlumat verilib. Kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə, məhsuldarlığın artırılması, eləcə də təsərrüfatlarda qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı izahat verilib.
Qeyd edək ki, AXA tərəfindən işğaldan azad olunmuş ərazilərdə sahə görüşlərinin və yerində xidmətlərin göstərilməsi davam etdirilir. Bu tədbirlər sakinlərin və təsərrüfat sahiblərinin aqrar xidmətlərdən daha səmərəli yararlanmasına, kənd təsərrüfatının inkişafına və dayanıqlı təsərrüfatçılığın formalaşdırılmasına xidmət edir.








