Kütləvi məzarlıqların axtarışı ilə bağlı yeni texnologiyalardan istifadə ediləcək
Kütləvi məzarlıqların axtarışı ilə bağlı yeni texnologiyalardan istifadə ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı beynəlxalq şirkətlərlə nümayəndəliklərdə danışıqlar aparılır, müəyyən razılaşmalar olub:
"Texnologiyaların digər mühüm üstünlüyü onların xəritələşdirmə imkanlarıdır. Bir gün ərzində onlar 45 kvadratkilometrdən artıq ərazinin ətraflı xəritəsini hazırlaya bilirlər. Bu, paktik baxımdan Ağdam kimi geniş bir ərazinin cəmi bir və ya iki ay ərzində sistemli şəkildə tədqiq olunması deməkdir. İnanırıq ki, bu müasir texnologiya gələcək humanitar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu texnologiya mütəxəssislərimizin təcrübə və peşəkarlığını tamamlayacaq, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr əldə etməyimizə kömək edəcək".
Qəzənfər Əhmədov bildirib ki, müasir rəqəmsal alətlər Dövlət Komissiyanın fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində imkanları daha da artıracaq:
"Həmçinin, mümkün dəfn yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasiya işlərinin aparılması, insan qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin düşmüş şəxslərin dəfn mərasimlərinin təşkili işində iştirak edən bütün dövlət qurumlarına səmimi təşəkkürümü bildirirəm".








