
Məcid Seyidov “ArchiVision 2” düşərgəsində fərqlənən gənclərlə görüşüb - FOTO
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Tələbə Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə Quba şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “ArchiVision 2” adlı düşərgə təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə düşərgədə Naxçıvandan olan 5 tələbə gənc – Fatmayizəhra Axundova, Aydan Səmədzadə, Fidan Əvəzli, Qətibə Məmmədova və İlahə Əsgərovanın iştirakı təmin olunub. Fatmayizəhra və Qətibə düşərgənin əsas hissələrindən biri olan HAKATON mərhələsində “Gələcəyin dayanıqlı şəhəri, smart kampus və kəndin rəqəmsal inkişafı” mövzularında komanda təqdimatına görə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Düşərgə çərçivəsində komanda quruculuğu, liderlik, yaradıcı sənaye, rəqəmsal texnologiyalar, dizayn düşüncəsi və bazar mexanizmləri mövzularında müxtəlif təlimlər keçirilib. Proqramın son günündə iştirakçılar üçün Quba şəhərinə ekskursiya təşkil olunub, onlar şəhərin tarixi və mədəni məkanları ilə tanış olublar.
Düşərgədən qayıtdıqdan sonra Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov həmin gənclərlə görüş keçirib. Nazir müavini onların “ArchiVision 2” kimi mühüm bir layihədə iştirakını yüksək dəyərləndirib, bu kimi təşəbbüslərin gənclərin yaradıcı potensialının üzə çıxarılması, bilik və bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Məcid Seyidov gəncləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.