Naxçıvan şəhərində konfrans keçirilib -

Naxçıvan şəhərində konfrans keçirilib - FOTO

08 May 2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfrans Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı, YAP Yasamal rayon təşkilatı və YAP Nərimanov rayon təşkilatının, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirib və Heydər Əliyev Muzeyinə baxış keçiriliblər.

Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında Konfrans öz işinə başlayıb və əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən müharibəsi qazisi Samir İsmiyev və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan siyasi kursunun ölkənin inkişafında oynadığı mühüm rolundan ətraflı bəhs ediblər. Qeyd edilib ki, Ulu Öndərin rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Natiqlər bildiriblər ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb, ölkənin siyasi və iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vurğulanıb ki, bu siyasi kurs bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirir.

Konfransın rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb. Daha sonra tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı ilə davam edib.