Məktəblərdə rəqəmsal təhlükəsizliklə bağlı seminar-dərslər təşkil edilib

Məktəblərdə rəqəmsal təhlükəsizliklə bağlı seminar-dərslər təşkil edilib

08 May 2026

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 4–8 may tarixlərində Naxçıvan şəhəri üzrə ümumtəhsil məktəblərində “Rəqəmsal təhlükəsizlik dərsi” adlı maarifləndirici layihə həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Layihənin əsas məqsədi şagirdlərin rəqəmsal savadlılığının artırılması, onların internet mühitində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.

Maarifləndirici təşəbbüsə ilk olaraq Heydər Əliyev adına tam orta məktəbdə başlanılıb. Layihə çərçivəsində seminar-dərslər daha sonra Naxçıvan şəhərində yerləşən 2, 3, 10 və 15 nömrəli ümumtəhsil məktəblərində mərhələli şəkildə davam etdirilib.

Təlimlər Nazirliyin əməkdaşları tərəfindən məktəblərin mövcud dərs cədvəllərinə uyğun olaraq informatika fənni çərçivəsində keçirilib. Seminarlar zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları, kibertəhlükələrdən müdafiə üsulları rəqəmsal mühitdə təhlükəsiz ünsiyyət barədə praktiki biliklər tədris olunub.

Bununla yanaşı, şagirdlərlə mövzu üzrə test tapşırıqları həyata keçirilib, interaktiv sual-cavab sessiyaları və maarifləndirici oyunlar təşkil edilib. 

Qeyd edək ki, bu kimi maarifləndirici layihələr şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına, eləcə də təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına mühüm töhfə verir.