Naxçıvan Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təşkil olunan tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, muxtar respublikada fəaliyyət göstərən vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Ümumi yığıncaq Vəkil Marşının səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək tədbirin gündəliyi barədə məlumat verib, ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qəbul etdiyi qərarlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati və təşkilati imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun rolu daha da gücləndirilir.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov çıxışında kollegiyanın fəaliyyəti barədə məlumat verərək bildirib ki, qurum 2008-ci ildə 8 vəkil tərəfindən təsis olunub, hazırda isə 40 vəkil ilə fəaliyyətini davam etdirir.
Yığıncağın gündəliyinə uyğun olaraq Hesablama Komissiyasının tərkibi müəyyənləşdirilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas Komissiyalarının əsasnamələrinə, “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər qəbul edilib. Həmçinin üzvlük haqlarının ödənilməsi qaydaları və digər normativ sənədlərlə bağlı məsələlər müzakirə olunub.
Keçirilən səsvermənin nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü Ələkbər Cəfərov kollegiyanın sədr müavini vəzifəsinə seçilib.
Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.















