
Naxçıvana 52 ədəd təcili tibbi yardım avtomobili alınıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə sahəsində bir sıra strateji layihələr icra edilmişdir. Bu layihələr regionda səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və əhalinin sağlamlıq imkanlarının genişləndirilməsinə mühüm töhfələr vermişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi xidmətin təşkili şöbəsinin müdiri Səmayə İbrahimova jurnalistlərə açıqlamasında deyib.
Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biri kimi Ailə Sağlamlıq Mərkəzləri yaradılmış və bu müəssisələr müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Ailə Sağlamlıq Mərkəzləri üçün ümumilikdə 27 ədəd portativ rentgen aparatı, 27 ədəd hematoloji analizator, 27 ədəd ultrasəs müayinə cihazı, 27 ədəd sidik analizatoru, 27 ədəd qanda üç aylıq şəkərin miqdarını ölçən cihaz, 27 ədəd portativ elektrokardioqraf cihazı, 100 ədəd ailə həkimi çantası və digər zəruri tibbi avadanlıqlar alınaraq istifadəyə verilmişdir.
Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika tədbirlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi məqsədilə peyvəndlərin düzgün saxlanılması və soyuq zəncir sisteminə riayət olunması təmin edilmiş, bu məqsədlə 120 ədəd SMART soyuducu alınmışdır. Avadanlıqların bir qismi artıq Ailə Sağlamlıq Mərkəzlərinə paylanmışdır.
Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmışdır. Belə ki, 52 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili alınmış və yaxın zamanda təhvil verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, əvvəllər səkkiz lokasiyada fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin geolokasiyalarının sayı artırılaraq on dördə çatdırılmışdır. Eyni zamanda, hər bir Ailə Sağlamlıq Mərkəzində geolokasiyaların yaradılması planlaşdırılır.
Yeni yaradılacaq təcili tibbi yardım geolokasiyalarının müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə mühüm satınalmalar həyata keçirilmişdir. Bu çərçivədə hər birindən 64 ədəd olmaqla xəstəbaşı monitorlar, infuziya pompası, şprislə işləyən pompa, venadaxili infuziyalar üçün nasoslar, 32 ədəd dörd motorlu və 32 ədəd üç motorlu funksional çarpayı, 32 ədəd larinqoskop dəsti, 32 ədəd defibrilyator monitor, 64 ədəd xəstəbaşı paneli, hər birindən 32 ədəd olmaqla xəstədaşıma xərəkləri, təcili yardım arabaları, xəstədaşıma kresloları, oksigen terapiya dəstləri, oksigen konsentratorları, portativ aspiratorlar və divarüstü diaqnostik dəstlər alınaraq təchizat həyata keçirilmişdir.
Proqram çərçivəsində icra edilən əsas layihələrdən biri də Hemodializ Mərkəzinin yaradılmasıdır. Bu mərkəzin yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasında dializ müalicəsinə ehtiyacı olan, xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə şərait yaratmaqdır.
Hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə də müasir avadanlıqların alınması təmin olunmuşdur. Belə ki, ümumilikdə 53 ədəd hemodializ cihazı, pasiyentlərin müalicə prosesində rahatlığını təmin etmək məqsədilə qurğuya inteqrasiya edilmiş Wi-Fi və qulaqcıq girişi olan, üç idarəetmə mühərrikli 48 ədəd hemodializ kreslosu alınmışdır. Artıq Şərur Rayon Mərkəzi Xəstəxanası, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanasına avadanlıqlar təhvil verilmişdir. Yeni yaradılmış Hemodializ Mərkəzinin isə yaxın zamanda fəaliyyətə başlaması nəzərdə tutulur.
Tibb müəssisələrinin tibbi diaqnostik imkanlarının artırılması məqsədilə kompüter-tomoqrafiya aparatı ilə bağlı keçirilən tenderin nəticələri yekunlaşmış və qalib təşkilatın seçilməsi prosesi başa çatma mərhələsindədir. Maqnit-rezonans-tomoqrafiya aparatı ilə bağlı isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiqi gözlənilir.
Dövlət Proqramının bir digər mühüm istiqamətinə uyğun olaraq, 21 iyul 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Fərmanı ilə Seminar, Treninq və Simulyasiya Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında əsas məqsədi tibb işçilərinin ixtisas bacarıqlarına yiyələnməsi, praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, yeni bacarıqların mənimsənilməsidir. Mərkəzin layihələndirilməsi cari il ərzində tamamlanmış, yaxın iki il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi publik hüquqi şəxsin yeni binasının tikinti və təmir işləri mərhələli şəkildə həyata keçirilir. Tikinti sahəsində bütün söküntü işləri başa çatdırılmış, arakəsmə divarlarının inşası tamamlanmış, müxtəlif sahələrdə ilkin hamarlama və suvaqaltı işlər aparılmışdır. Tikinti prosesi podratçı təşkilat tərəfindən təsdiqlənmiş iş qrafikinə uyğun davam etdirilir.